Bu gün Cəlilabad rayonunda toxum sərgi-satış yarmarkası təşkil olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, yarmarkada nazirlik yanında Aqrar Xidmətlər Agentliyi (AXA), Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Toxum Fondu, "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Nazim Şükürov bildirib ki, ölkə əhalisinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir: “Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Bu gün keçirilən toxum sərgi yarmarkasında fermerlərə müxtəlif toxum sortları təqdim edilir. Düşünürəm ki, bu kimi yarmarkaların müxtəlif bölgələrdə keçirilməsi toxum bazarının daha da inkişafına etməsinə gətirib çıxaracaq”.
AXA-nın sədri Mirzə Əliyev isə qeyd edib ki, yarmarkada yerli arpa, buğda və tərəvəz toxumları nümayiş etdirilir. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumatlar verilir. Fermer və torpaq mülkiyyətçilərinin sertifikatlı toxuma əlçatanlığı təmin olunur. Payızlıq buğda və arpa səpinini optimal müddətdə başa çatdırmaq üçün fermerlərin vaxtında sertifikatlı toxumla təmin olunması vacib sayılır.
Növbəti yarmarka sentyabrın 8-də Hacıqabul rayonunda keçiriləcək.