Göyçay rayonunda gənclər “Bizim KəndimİZ” adlı yeni təşəbbüs həyata keçiriblər.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Gənclərin İnkişaf Karyera Mərkəzinin Göyçay nümayəndəliyi “Bizim KəndimİZ” adlı yeni təşəbbüsə start verib.
Layihə çərçivəsində gənclər Göyçay rayonunun Qarayazı kəndinə səfər edərək orada meyvə bağları, əkin sahələri, göl, heyvandarlıq təsərrüfatı və dağüstü otlaq sahələri ilə yaxından tanış olub, bir çox kənd təsərrüfatı işlərində əyani olaraq iştirak ediblər.
Layihə müddəti ərzində gənclər karantin rejimi qaydalarına tam əməl edərək qoruyucu vasitələrdən istifadə ediblər.
“Bizim KəndimİZ” layihəsinin məqsədi gəncləri kənd həyatı ilə yaxından tanış etmək, əməyə qarşı maraqlarını artırmaq və bu sahədə yeni təcrübələrə yiyələnmələrinə şərait yaratmaqdır.
Bununla yanaşı, bu layihə kəndlərin tanıdılmasına və ölkəmizdə kənd turizminin təbliğinə dəstək olamaq məqsədi ilə həyata keçirilir. Layihənin mütəmadi olaraq digər kəndlərdə də davam etdiriləcəyi düşünülür.