"BakuBus" və "Bakı Sərnişin Nəqliyyatı" şirkətlərinin validatorları sinxronlaşdırılacaq

"BakuBus" və "Bakı Sərnişin Nəqliyyatı" şirkətlərinin validatorları sinxronlaşdırılacaq Bu, baş tutarsa, nəqliyyatda vahid ödəniş kart sistemi metroda da işləyəcək
ASK
1 May , 2015 13:17
BakuBus və Bakı Sərnişin Nəqliyyatı şirkətlərinin validatorları sinxronlaşdırılacaq

Bakı. 1 may. REPORT.AZ/ Bakı şəhərində ictimai nəqliyyatda vahid elektron ödəniş kartları sisteminin tətbiqi məqsədi ilə "Bakı Sərnişin Nəqliyyatı" MMC və Bakı şəhəri İcra Hakimiyyətinə məxsus "BakuBus" MMC-nin "validator" tipli avadanlıqları sinxronlaşdırılmalıdır. Yəni, vahid elektron ödəniş sisteminin paytaxt marşrutlarında işə salınması üçün sərnişindaşıma operatorlarının bu qurğuları bir-birinə uyğunlaşdırılmalı, inteqrasiya edilməlidir. Bu barədə "Report"a sərnişindaşıma sektorundakı məlumatlı mənbə xəbər verib. 

Mənbə etiraf edib ki, sistemin tətbiqi kecikir və hazırda bu istiqamətdə tərəflər arasında danışıqlar aparılır: "Artıq I Avropa Oyunları başlayır və məsələ may ayında həllini tapmalıdır".

"Bu sistemə vahid şəkildə inteqrasiya etmək çox çətindir. Çünki "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin əksər avtobuslarında validatorlar qurulub. Gediş kartları da satılıb, amma avtobusların əksəriyyəti nasaz olduğu üçün onların dəyişdirilməsi vaxt aparıb. İndi isə belə bir məsələ ortaya çıxıb - "BakuBus"ın ölkəyə gətirdiyi avtobuslardakı bu qurğular fərqlidir. Onlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sisteminə uyğun deyil. Bu səbəbdən qərar verilib ki, bu qurğular bir-birinə uyğunlaşdırılsın, yəni ya "BakuBus"ın avadanlıqları "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin nəqliyyat vasitələrinə qoyulmalıdır, ya da onlar bir-birinə uyğunlaşdırılmalıdır və bundan sonra vahid şəkildə sistem tətbiq edilməlidir. Hazırda danışıqlar gedir", - deyə mütəxəssis bildirilib.

Bakı metrosunda da vahid ödəniş kartının tətbiqinə gəlincə isə mənbə bildirib ki, bu qurumun sabiq rəhbərliyi ilə razılıq əldə edilməmişdir, lakin sonradan vahid kartların tətbiqi üçün "K Group" MMC-nin operatorluğu ilə müvafiq prosessinq mərkəzi yaradılıb: "Bakı şəhər İcra Hakimiyyətinin gətirdiyi avtobuslar həmin kartlarla inteqrasiya oluna biləcək. Bundan başqa, "BakuBus" və "Bakı Sərnişin Nəqliyyatı"nın inteqrasiyası baş tutarsa, metro və avtobus kartları eyni olacaq. Bu baş tutmazsa, köhnə metro kartları müəyyən müddət dövriyyədə saxlanılacaq. Lakin ictimai nəqliyyatda vahid elektron ödəniş kartları mütləq tətbiq ediləcək".

Son xəbərlər

Orphus sistemi