Bakıda toxumçuluqla bağlı konfrans keçirilib

ASK
  • 24 sentyabr, 2026
  • 10:49
Bakıda toxumçuluqla bağlı konfrans keçirilib

Bu gün Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) birgə təşkilatçılığı ilə "Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, FAO-nun baş direktorun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, elmi-tədqiqat institutlarının alimləri, toxum istehsalçıları və fermerlər iştirak ediblər.

Çıxışlardan sonra konfrans işini panel sessiyalarla davam etdirib. Sessiyalar çərçivəsində aqrar sahədə yeni Dövlət Proqramı"nın milli toxumçuluğun inkişafına təsiri, ərzaq təhlükəsizliyinin təmin olunmasında toxumçuluq sektorunun rolu, qlobal yanaşmalar və beynəlxalq təcrübə, 2026-cı ildə toxum istehsalı, aprobasiya nəticələri və qarşıdakı hədəflər üzrə təqdimatlar dinlənilib. Panel müzakirələrində milli toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkili zamanı beynəlxalq təcrübədən istifadə, yüksək reproduksiyalı və sertifikatlaşdırılmış toxum istehsalının genişləndirilməsi, müasir seleksiya üsullarının və innovativ texnologiyaların tətbiqi, toxum istehsalçılarının fəaliyyətinin dəstəklənməsi və fermerlərin keyfiyyətli toxuma çıxış imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə Kənd Təsərrrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və qeydiyyatı şöbəsinin müdiri Fikrət Feyziyev "2026-cı ildə toxum istehsalı: aprobasiya nəticələri, istehsal və hədəflər" mövzusunda təqdimat keçirib. Təqdimatda aprobasiya prosesində tətbiq olunan yeniliklər barədə məlumat verilib. Bildirilib ki, toxumluq əkin sahələrinin qiymətləndirilməsi, nəzarət prosesinin səmərəliliyinin artırılması məqsədilə aprobasiya prosesi elektronlaşdırılıb. Bu çərçivədə 69 aprobator və 10 nəfərdən ibarət monitorinq qrupu fəaliyyət göstərib, 1 877 elektron aprobasiya aktı formalaşdırılıb.

Elektron sistem vasitəsilə toxumluq əkin sahələrinin dəqiq xəritələşdirilməsi, məlumatların real vaxt rejimində toplanması və izlənməsi təmin edilir. Eyni zamanda, məlumatların vahid elektron bazada formalaşdırılması hesabatların hazırlanmasını sürətləndirir, nəzarət və şəffaflığı artırır, təhlil və qərar qəbuletmə imkanlarını genişləndirir. 2026-cı ildə 50 rayonda fəaliyyət göstərən 150 toxumçuluq təsərrüfatının əkin sahələri üzrə aprobasiya işləri aparılıb. Eyni zamanda əsas bitkilər üzrə 49 min hektardan çox bəyan sahəsi qeydə alınıb.

Konfransda növbəti mərhələdə toxum istehsalının artırılması ilə bağlı hədəflər də açıqlanıb. 2027-ci ildə arpa və buğda üzrə aprobasiya olunacaq sahələrdən ümumilikdə 100 min tondan çox toxum istehsalı gözlənilir. Bunun 26 min tonunun arpa, 76 min tonunun isə buğdanın payına düşəcəyi proqnozlaşdırılır.

Konfrans çərçivəsində yüksək reproduksiyalı və sertifikatlı toxumlardan istifadənin təşviqi, yerli toxum istehsalının artırılması və toxum təminatının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub.

Tədbirin sonunda toxumçuluq sahəsində fəaliyyəti və əldə etdiyi nəticələrlə fərqlənən toxum istehsalçılarına mükafatlar təqdim olunub.