Bakıda “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi” mövzusunda keçirilən regional iqlim seminarı başa çatıb.
“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Seminar Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Avropa və Mərkəzi Asiyada kənd təsərrüfatında iqlim fəaliyyətini gücləndirmək məqsədilə təşkil olunub və 3 gün davam edib.
Seminarın üçüncü günü FAO-nun iqlim dayanıqlılığını artırmaq üçün iqlim alətləri, qadınların aqrar sektorda məşğulluq səviyyəsinin artırılması mövzularına həsr olunub.
FAO-nun iqlim riskləri üzrə mütəxəssisi Arianna Gialetti fermerlərin iqlim dəyişikliyi ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması məsələsinə toxunub. Mütəxəssis bildirib ki, iqlim dəyişiklikləri probleminin həlli genişmiqyaslı və uzunmüddətli tədbirlər kompleksinin icrasını tələb edir. Bunu əsas gətirən FAO rəsmisi hesab edir ki, iqlim dəyişikliyi ilə bağlı fermerlərin mütəmadi maarifləndirilməsi aqrar fəaliyyətə, son nəticədə məhsuldarlığa müsbət təsir edir.
FAO-nun gender üzrə mütəxəssisi Marianna Bicchieri aqrar sahədə qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsi, onların məşğulluq səviyyəsinin artırılması, innovativ layihələrdə iştirakının stimullaşdırılmasının vacib olduğunu diqqətə çatdırıb. O, gender bərəbərliyinin qorunması, qadın fermerlərin və sahibkarların dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sistemlərinin yaradılmasında iştirakının yüksəldilməsinin mühüm olduğunu vurğulayıb.
FAO-nun Rəqəmsal kənd təsərrüfatı üzrə rəhbəri Daniela Digianantonio çıxışında aqrar sahədə rəqəmsallaşmanın əhəmiyyətinə toxunub.
O, aqrar sahədə rəqəmsallaşdırmanı iqlim dəyişikliyinə dayanıqlığı və müqaviməti formalaşdıran ən mühüm amil adlandırıb. FAO rəsmisi qeyd edib ki, yeni texnologiyaların tətbiqi ilə fermerlər daha düzgün məlumat əldə edir və təbiət hadisələri ilə bağlı əvvəlcədən xəbərdar olur. Bu isə son nəticədə kənd təsərrüfatında iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verir.
Tədbirin sonunda çıxış edən FAO-Azərbaycan Ofisi rəhbərinin müavini Bariz Mehdiyev iqlim dəyişikliyi, qida təhlükəsizliyi və su qıtlığı kimi qlobal çağırışların həlli istiqamətində çoxtərəfli müzakirələrin və beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxunub. O, aktual mövzular ətrafında aktiv müzakirələrin aparıldığı bu seminarın aqrar sahənin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.