2007-ci ildən bəri Azərbaycan BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) ilə birlikdə 60-a yaxın layihə icra edib.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev FAO-nun Azərbaycan və Türkiyədəki nümayəndəliklərinin birgə fəaliyyəti çərçivəsində Bakıda təşkil edilmiş regional seminarda bildirib.
Onun sözlərinə görə, ölkədə aqrar sektorun inkişaf etdirilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsi, ən yaxşı təcrübələrin ölkədə tətbiqi hər zaman mühüm əhəmiyyət kəsb edir: “Bu istiqamətdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində bir çox uğurlu layihələr icra edilib. Bu layihələr çərçivəsində transsərhəd xarakterli heyvan və bitki xəstəliklərinə qarşı mübarizə tədbirləri, biik və bacarıqların artırılması məqsədilə kənd təsərrüfatı sahəsində təhsil, tədqiqat və məsləhət xidməti, aqrar siyasətin və institusional çərçivənin gücləndirilməsi, habelə kənd yerlərinin səmərəli maliyyələşməsi metodologiyası prioritet istiqamətlər kimi müəyyən edilib, ölkənin ərzaq təhlükəsizliyinin və kənd yerlərinin inkluziv inkişafı, aqrar siyasətinin təkmilləşdirilməsi, təbii resursların səmərəli idarə olunması sahələrində nəzərəçarpacaq müsbət nəticələr əldə olunub".
Nazirlik rəsmisi qeyd edib ki, FAO-nun icra etdiyi regional layihələr çərçivəsində də sıx əməkdaşlıq davam etdirilir: "2007-ci ildən etibarən Türkiyə Hökumətinin maliyyə, FAO-nun texniki dəstəyi ilə həyata keçirilən FAO-Türkiyə Tərəfdaşlıq Proqramı Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrdə meşə təsərrüfatı, təbii sərvətlər, səhralaşma və davamlı inkişaf sahəsində texniki təcrübə mübadiləsi yolu ilə ərzaq təhlükəsizliyinin gücəndirilməsi və kənd yoxsulluğunun azaldılması məqsədilə yaradılıb. Proqramdakı layihələr ölkələrin ehtiyacları və prioritetləri əsasında tərtib edilir və milli, çoxölkəli və subregional səviyyələrdə həyata keçirilir. Məmnunluqla qeyd etmək istərdik ki, Azərbaycanın FAO-Türkiyə Tərəfdaşlıq Proqramında iştirakı ölkədə kənd təsərrüfatının məhsuldarlığının artırılmasına, heyvan xəstəliklərinə və zərərvericilərə qarşı birgə mübarizə ilə bağlı mövcud fəaliyyətlərinə əlavə dəstək verib, eləcə də ərzaq itkisi və israfının azaldılmasına, buğda xəstəliklərinə qarşı mübarizəyə və milli qida təhlükəsizlik sistemlərinin yaxşılaşdırılmasına töhfə verib. Xüsusən Türkiyənin kənd təsərrüfatında əldə etdiyi müsbət təcrübələrdən yararlanmaq, qarşılıqlı mübadilə səfərləri, fermerlərə təşkil olunan fiziki sahə görüşləri və kənd təsərrüfatı təcrübələrinin nümayişləri gələcəkdə bu sahədə davamlı müsbət nəticələrə zəmin yaradıb. Hazırda bu proqram çərçivəsində “Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması” və “Mərkəzi Asiya və Qafqazda buğda pası xəstəliklərinin və xəstəliyə davamlılıq üzrə seleksiyanın idarə edilməsi üzrə regional əməkdaşlıq və milli imkanların gücləndirilməsi” layihələri davam etməkdədir. Ümidvarıq ki, qarşıdakı illərdə hər bir ölkə, o cümlədən Azərbaycan üçün ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi bu çətin zamanda biz bu səmərəli tərəfdaşlığı davam etdirəcəyik".