Azərbaycanın aqrar sektoru 2023-cü ildə - İCMAL

Azərbaycanın aqrar sektoru 2023-cü ildə - İCMAL Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı xüsusi diqqət yetirdiyi kənd təsərrüfatında 2023-cü ildə bir sıra yeniliklər oldu.
ASK
5 Yanvar , 2024 14:25
Azərbaycanın aqrar sektoru 2023-cü ildə - İCMAL

Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı xüsusi diqqət yetirdiyi kənd təsərrüfatında 2023-cü ildə bir sıra yeniliklər oldu.

İlk növbədə Azərbaycanda aqrar sektora birbaşa cavabdeh olan şəxs dəyişdi. İndiyə qədər kənd təsərrüfatı naziri olan İnam Kərimov Ali Məhkəmənin sədri təyin olundu, onu köhnə vəzifəsində isə Məcnun Məmmədov əvəz etdi.

Yeni nazir səlahiyyətlərinin icrasına demək olar ki, yeni inzibati binada başladı. Onun xələfinin dövründə - 2017-ci ildə inşasına başlanılmış binanın açılışı Prezident İlham Əliyevin iştirakı ilə baş tutdu. Burada nazirliyin aparatı ilə yanaşı, tabeliyindəki qurumlar da yerləşdirildi. Yeri gəlmişkən, M.Məmmədovun imzaladığı əmrə əsasən, sentyabrdan Azərbaycanda vətəndaş qəbullarını nazirlə yanaşı, onun müavinləri, aparat rəhbəri, həm də tabeli qurumların rəhbərləri keçirməyə başladı. Məqsəd fermerlərə daha yaxın olmaqdır.

Azərbaycanda ərzaq təhlükəsizliyi ötən ildə də diqqət mərkəzində oldu. Hökumət ərzaqlıq buğda istehsalçılarının aldığı kreditlərə dövlət zəmanəti verməyə, eləcə də faiz subsidiyası ödəməyə qərar verdi. Bunun üçün Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik etdi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzaladı.

Bununla belə, 2023-cü ildə Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 2022-ci illə müqayisədə 22,4 % az - 450 manat/ton müəyyənləşdi. Əvəzində fermerlərdən alınan şəkər çuğundurunun qiyməti artırıldı. "Azərsun Holdinq" MMC-yə məxsus "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC 2023/2024-cü təsərrüfat ilində qışlıq və yazlıq mövsümü üzrə şəkər çuğundurunun hər tonunu şəkərlilik faizinə uyğun olaraq 4 manat baha - 485 manata almağa qərar verdi.

Ötən il Nazirlər Kabineti kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq və onun həyata keçirilməsi haqqında qərar qəbul etdi. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, siyahıyaalınma 2025-ci il iyulun 15-dən avqustun 15-nə qədər, kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə baş tutacaq.

Azərbaycanda 3 il əvvəl tətbiqinə başlanılmış aqrar sığortanın əhatə dairəsi ötən il bir qədər də genişləndirildi. Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri isə rekord həddə çatdı. Ötən il fermerlər Fonddan 4 milyon manat civarında sığorta ödənişi alıb ki, bu da 2021-2022-ci illərlə müqayisədə təxminən 2 dəfə çoxdur.

Azərbaycanda təhsil sahəsində aparılan islahatlar aqrar sahədən də yan keçmədi. Nazirlər Kabineti Azərbaycan Dövlət Aqrar Universitetinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevrilməsi ilə yenidən təşkil edilməsi barədə qərar qəbul etdi, ali təhsil müəssisəsinin Nizamnaməsini təsdiqlədi. Prezident İlham Əliyev isə Universitetə yeni rektor təyin etdi. Bu, Zəfər Qurbanov oldu. Bundan başqa, il ərzində BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin (FAO) dəstəyi ilə ADA Universitetində Kənd təsərrüfatı və qida elmi fakültəsi açıldı.

Son xəbərlər

Orphus sistemi