Azərbaycanın aqrar məhsulları ərəb bazarlarında özünə yer tapa biləcəkmi?

Azərbaycanın aqrar məhsulları ərəb bazarlarında özünə yer tapa biləcəkmi? Pandemiyadan əvvəl tərəfdaşlar da tapılmışdı. Ümid edirik ki, yaxın gələcəkdə ümumi vəziyyət dəyişər
ASK
24 İyun , 2021 13:28
Azərbaycanın aqrar məhsulları ərəb bazarlarında özünə yer tapa biləcəkmi?

Azərbaycanın aqrar məhsulları dünyanın bir sıra ölkələrinə ixrac edilir. Lakin ixracda əsas yeri Rusiya və MDB bazarı tutur. Azərbaycanın məqsədi aqrar məhsullarının ixracını diversifikasiya etməkdir. Bunun üçün bir sıra bazarlar araşdırılır, həmin bazarlardan biri də ərəb ölkələrinin bazarlarıdır. Hazırda ərəb ölkələrinin bazarlarında aparılan işlərlə bağlı “Report”un suallarını “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinin sədri Elşən Rəhimov cavablandırıb.

Onun sözlərinə görə, Azərbaycan ərəb bazarına bir sıra aqrar məhsullarını göndərə bilər: “Əsas məsələ aqrar məhsullarımızı ərəb ölkələrinin bazarlarına uyğunlaşdırmaqdır. Biz aqrar məhsulların ixracında əsas Rusiya bazarına daxil olmuşuq, digər ölkələrə də ixrac həyata keçirilir. Lakin Rusiya və MDB bazarları qədər böyük həcmdə deyil. Bununla yanaşı, hər bazarın öz reallığı var. Lakin Rusiya bazarında aqrar məhsullarımızın satış qiymətləri ərəb bazarından daha yüksək olduğuna görə fermerlər, sahibkarlar üçün daha cəlbedicidir. Buna görə də sahibkarlar ərəb ölkələrinin bazarlarından daha çox Rusiya bazarına üstünlük verirlər”.

E. Rəhimov qeyd edib ki, hazırda ərəb ölkələrinin bazarlarına aqrar məhsulların ixracı istiqamətində danışıqlar aparılır: “Sözügedən bazarlarda Türkiyənin aqrar məhsulları üstünlük təşkil edir. Hazırda sözügedən bazarlara çıxışımız var. Lakin çox aşağı səviyyədədir, genişləndirilməsi nəzərdə tutulur. Bir sıra ərəb ölkələrində koronavirusla bağlı karantin davam edir. Məhdudiyyətlər də çətinlik yaradır. Bununla yanaşı, sahibkarların qarşısında logistika məsələsi də var. Dünya bazarlarına çıxış Türkiyə və digər ölkələr üçün daha rahatdı, bizdə okeana çıxışımız olmadığı üçün daha çətindir”.

E.Rəhimov xatırladıb ki, pandemiyadan əvvəlki ildə ərəb ölkələrinə səfərləri çox olurdu: “Pandemiyadan əvvəl tərəfdaşlar da tapılmışdı. Ümid edirik ki, yaxın gələcəkdə ümumi vəziyyət dəyişər”.

O, Azərbaycan pomidorunun ərəb bazarına ixracı məsələsinə toxunub: “Azərbaycan pomidoru ərəb ölkələrinin bazarlarına ixracı mümkündür. Lakin ərəb ölkələrində Azərbaycan pomidoru Rusiya ilə müqayisədə daha ucuz satılacaq”.

E. Rəhimov qeyd edib ki, Azərbaycan digər məhsullarla da ərəb ölkələrinin bazarlarına çıxa bilər: “Çay məhsulu ilə Azərbaycan müəyyən qədər rəqabətə girə bilər. Çünki müxtəlif növ çay çeşidləri var. Ona görə də Azərbaycan çayı ilə bazara girmək olar, hazırda “Azərsu”nun "Azərçay"ı ərəb ölkələrində tanınır, başqa çay növlərinin də ərəb ölkələrində təqdimatına ehtiyacı var”.

O əlavə edib ki, hökumətə bu istiqamətdə təkliflər irəli sürməyi düşünürük: “Daxili qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır. Həmçinin, istəyirik ki, sözügedən bazarlarda anbarlarımız olsun”.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin statistik göstəricilərinə görə, bu ilin yanvar-may aylarında Azərbaycan 214 min ton həcmdə 206, 2 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac edib. İxracda əsas yerləri kartof, tomat, meşə fındığı, alma, xurma, nar tutur.

Bununla yanaşı, Azərbaycanın ərəb ölkələri ilə ticarət dövriyyəsi bir o qədər çox deyil.

Dövlət Gömrük Komitəsinin statistik göstəricilərinə görə, Azərbaycanla Misir arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-may aylarında 4,6 dəfə artaraq 20 milyon 522 min ABŞ dolları təşkil edib. Azərbaycanın ixracı 15 milyon 478 min ABŞ dolları, Misirdən idxal isə 5 milyon 044 min ABŞ dolları təşkil edib.

Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,1 % artaraq 22 milyon 818 min ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsində Azərbaycanın ixracı 6 milyon 361 min ABŞ dolları təşkil edib, BƏƏ-dən idxal isə 16 milyon 457 min ABŞ dolları təşkil edib.

Azərbaycanla Səudiyyə Ərəbistan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,7 % artaraq 7,5 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsində Azərbaycanın ixracı 485,82 min ABŞ dolları, Səudiyyə Ərəbistandan idxal isə 7 milyon 015 min ABŞ dolları təşkil edib.

Azərbaycanla Liviya arasında bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi 2 910 dəfə artaraq 27 milyon 712 min ABŞ dolları təşkil edib. Dövriyyənin hamısı Azərbaycanın ixracı təşkil edir, Liviyadan bu dövr ərzində Azərbaycana idxal olmayıb.

Azərbaycanın bu ilin yanvar-may aylarında İraqla ticarət dövriyyəsi 27,4 % artaraq 6 milyon 071 min ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsində Azərbaycanın ixracı 5 milyon 876 min ABŞ dolları təşkil edib, İraqdan idxal isə 195,14 min ABŞ dolları təşkil edib.

Digər ərəb ölkələri ilə Azərbaycanın ticarət dövriyyəsi çox cuzidir.

Son xəbərlər

Orphus sistemi