“Hazırda daxili bazarda fındığın satış qiyməti xarici bazarla müqayisədə təxminən 20% yüksəkdir. Bu da Azərbaycandan fındıq ixracının dayanmasına səbəb ola bilər".
Bunu “Report”a açıqlamasında Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov bildirib.
"Hazırda koronavirus pandemiyası ilə əlaqədar fındıq emalı müəssisələrinin çoxu bağlı olsa da, bu, fındıq alışına elə də təsir etməyib. Bir çox möhtəkirlər kütləvi şəkildə fındıq almaqla məşğuldur. Bu da daxili bazarda həmin məhsulu bahalaşdırır və onun xarici bazara çıxarılmasına mane olur", - o qeyd edib.
Xatırladaq ki, Beynəlxalq Qoz və Quru Meyvə Şurasının məlumatına görə, Azərbaycan dünyada 5-ci fındıq istehsalçısıdır. Qlobal fındıq istehsalının 4%-i ölkəmizin payına düşür. Hazırda Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 74 min hektardır. Ötən il ölkədə 45,5 min ton fındıq istehsal edilib.