Azərbaycanda yeni ixracyönümlü bitkilərin becərilməsi dəstəklənəcək

ASK
  • 07 sentyabr, 2026
  • 09:50
Azərbaycanda yeni ixracyönümlü bitkilərin becərilməsi dəstəklənəcək

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda yüksək əlavə dəyər və ixrac potensialına malik yeni bitkilərin əkininin təşviqi məqsədilə bağçılıq subsidiyalarının əhatə dairəsi genişləndirilib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Aroniya bağlarının salınmasına görə birdəfəlik 7 500 manat/ha, açıq sahədə efir yağı istehsalı məqsədilə qızılgül əkinlərinə isə 6 000 manat/ha subsidiya veriləcək.

Kiçik (butik) şərabçılığın inkişafı da yeni dövlət dəstəyi istiqamətlərindən biri olacaq. Bu istiqamətdə yerli üzüm sortlarından premium şərab istehsalı, aqroturizmin inkişafı və ixrac yönümlü mikrobrendlərin yaradılması təşviq ediləcək. Təqdim edilən modeldə 5-20 ha olmaqla super-intensiv üzüm bağları üçün 20 000 manat/ha, intensiv üzüm bağları üçün isə 10 000 manat/ha bağçılıq subsidiyası nəzərdə tutulur. 2030-cu ilə qədər 20 yeni butik şərab evinin yaradılması hədəflənir.