Azərbaycanda un və un məmulatları bahalaşacaqmı?

Azərbaycanda un və un məmulatları bahalaşacaqmı? "Dünya bazarında taxılın bahalaşması geosiyasi proseslər və iqlim dəyişiklikləri ilə bağlıdır, qiymətlər yüksək qalmaqda davam edəcək".
ASK
17 Avqust , 2022 14:34
Azərbaycanda un və un məmulatları bahalaşacaqmı?

"Dünya bazarında taxılın bahalaşması geosiyasi proseslər və iqlim dəyişiklikləri ilə bağlıdır, qiymətlər yüksək qalmaqda davam edəcək".

Bunu “Report”a açıqlamasında “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi sədri Zaur İbrahimli deyib.

“Artıq bununla bağlı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) öz təhlillərini verib, ərzaq qıtlığının daha geniş miqyas ala biləcəyi ilə bağlı xəbərdarlıq edib. Ərzaq qiymətləri Rusiyanının Ukraynaya hücumundan dərhal sonra, fevraldan başlayaraq artmağa başlayıb, həmin ay FAO Ərzaq Qiymətləri İndeksi yanvar ayı ilə müqayisədə 3,9 % artaraq orta hesabla 140,7 bənd təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə artım tempi 24,1 % olub. FAO-nun iyul üçün açıqladığı Taxıl Qiymətləri İndeksiorta hesabla 147,3 bənd təşkil edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 24,8 % çoxdur. Ukrayna buğdasının idxalı ilə bağlı razılaşma və Şimal yarımkürsəsində məhsul yığımının başa çatması buğdanın qiymətinin fevral ayına nisbətən yalnız 14,5 % azalmasına səbəb olub. Ekspertlər qeyd edir ki, payıza doğru qiymətlərin daha da artacağı ehtimal edilir. Bahalaşmanı həm də iqlim dəyişikliklərinin mənfi təsirinin güclənməsi - quraqlıq şərtləndirib. Eyni zamanda bir çox ölkələr ixracı məhdudlaşdırıb və ixrac rüsümlarını artırıblar. Məsələn, Azərbaycanın taxıl idxal etdiyi Rusiya da bu cür addım atıb”, - deyə o, qeyd edib.

Z.İbrahimlinin sözlərinə görə, belə xarici amillər Azərbaycan daxili bazarına da sirayət edir, ölkəmizdə də un və un məmulatlarının bahalaşmasını stimullaşdıra bilər: “Obyektiv təhlil göstərir ki, qiymət artımı qaçılmazdır. Bu, Azərbaycan hökumətindən, ölkəyə buğda, un idxal edən şirkətlərdən asılı deyil, obyektiv xarakter daşıyır və dünya bazarlarındakı mürəkkəb vəziyyətlə şərtlənir. Statistikaya görə, 2021-ci ildə Azərbaycan buğda idxalının 95 %-ni Rusiyadan edib. Ukrayna və Rusiya dünya üzrə buğda istehsalında 29 %-lik xüsusi çəkiyə malikdir. Rusiyanın ümumi buğda istehsalı 2021-ci ildə 85 milyon ton civarında olub. Rusiya illik 36 milyon tonluq taxıl ixrac edir ki, bu, dünya buğda istehsalının 14 %-i deməkdir. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 308 min 043 ton buğda idxal edilib və bunun üçün 105 milyon 270 min ABŞ dolları ödənilib. Nəticədə idxal edilən buğdanın hər tonunun qiyməti 341,7 ABŞ dolları olub. Ötən ilin yanvar-aprel aylarının nəticələrinə görə isə ölkəyə buğdanın 1 tonu orta hesabla 254,5 ABŞ dollarından idxal edilib. Başqa sözlə, son bir ildə buğdanın 1 tonu 87 ABŞ dolları (150 manat) və yaxud 34 % bahalaşıb".

"Azərbaycanda 2021-ci ildə taxıl məhsulları istehsalı 3 milyon 363 min ton, buğda istehsalı isə 1 milyon 885 min ton olub, 1991-ci illə müqayisədə taxıl məhsulları istehsalı 2,5 dəfə, buğda istehsalı isə 2,1 dəfə artıb. Bununla belə ölkə bazarı idxal buğda və undan ciddi şəkildə asılıdır və dünya bazarlarında 30 %-ə yaxın bahalaşma öz təsirini göstərəcək. Hökumət üçün əsas vəzifə mövcud idxal imkanlarının saxlanılması, təchizatın davamlı olması üçün risklərin aradan qaldırılması, eyni zamanda daxili istehsalın stimullaşdırılmasıdır. Statistika göstərir ki, sonuncu məsələ ilə bağlı hökumət daim çalışır və artıq irəliləyişlər də müşahidə olunur, bununla belə, daxili təlabatın tan yerli imkanlar hesabına ödənilməsi üçün əlavə səylərə və zamana ehtiyac var. Yəqin ki, işğaldan azad olunmuş rayonların potensialından tam gücü ilə istifadə olunması bəhrəsini verəcək”, - deyə Z.İbrahimli əlavə edib.

Son xəbərlər

Orphus sistemi