Azərbaycanda suvarmanın müəyyənləşdirilməsi modelinin dəqiqliyi 82 %-ə yüksəlib

ASK
  • 08 sentyabr, 2026
  • 13:31
Azərbaycanda suvarmanın müəyyənləşdirilməsi modelinin dəqiqliyi 82 %-ə yüksəlib

Azərbaycanda suvarmanın aşkarlanması modelinin dəqiqlik göstəricisi 82 %-ə çatıb.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Surxay Novruzov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"da (BCAW 2026) deyib.

Onun sözlərinə görə, suvarmanın aşkar edilməsi olduqca əhəmiyyətli məsələdir: "Bu il Azərbaycanda suvarmanı daha yüksək dəqiqliklə təyin edə bildiyimizi qeyd edə bilərik. Suvarma sahəsində müəyyən çətinliklərimizin olduğunu bilirik və Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə birgə fəaliyyət göstəririk - suvarmanın həyata keçirilib-keçirilmədiyini və suyun tələblərə uyğun şəkildə çatıb-çatmadığını müəyyənləşdirə bilirik".

S.Novruzov qeyd edib ki, müxtəlif informasiya mənbələrindən - peyk verilənlərindən və digər təsdiqlənmiş modellərdən yararlanmaqla suvarmanı aşkarlamaq imkanı yaradılıb.

"Suvarma geniş əhatəli mövzu olduğundan bu keysdən istifadə edirik. Bundan əlavə, buxarlanma-transpirasiyaya (evapotranspiration) əsaslanaraq fermerlərin "Telegram" platforması vasitəsilə torpağın cari su tələbatı haqqında məlumat əldə edə biləcəyini bildirə bilərik. Ölkə ərazisindəki bitki stresini də Nazirliyə təqdim edirik. Aprel ayından etibarən model sayəsində ölkə miqyasında buğdada yüksək və aşağı stres səviyyəli bitkiləri izləmək mümkündür. Hazırda bu funksionallıq pambıq bitkisi üçün də aktivdir və yaxın zamanda bütün əkin növləri üçün istifadəyə veriləcək", - nazirin müşaviri bildirib.