​Azərbaycanda su qıtlığı suvarılan torpaq sahələrinin artırılmasına imkan vermir

​Azərbaycanda su qıtlığı suvarılan torpaq sahələrinin artırılmasına imkan vermir Bu problem gələcək layihələrin həyata keçirilməsinə maneə törədir
ASK
1 Oktyabr , 2015 13:44
​Azərbaycanda su qıtlığı suvarılan torpaq sahələrinin artırılmasına imkan vermir

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanda su ehtiyatları çatışmazlığı bir sıra tədbirlərin həyata keçirilməsinə imkan vermir. Bu haqda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə "Azərbaycan" qəzetinə müsahibəsində məlumat verib.

"Hazırda Azərbaycanda suvarılan sahələr 1,435 mln. hektar təşkil edir və kənd təsərrüfatı məhsullarının 90%-ə qədəri bu torpaqlardan əldə edilir. Suvarılan torpaqların 610 min hektarı kollektor-drenaj sistemləri ilə təchiz olunub. Perspektivdə suvarılan torpaq sahələrinin artırılaraq 1,6 mln. hektara çatdırılması imkanları olsa da, su ehtiyatlarının çatışmaması bu tədbirin həyata keçirilməsində əsas maneədir", - deyə o, bildirib.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi ilə Türkiyə Respublikasının “Təməlsu” məsləhətçi şirkəti tərəfindən hazırlanmış və hazırlanması davam etdirilən layihələrdən məlumat verən qurum sədri qeyd edib ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında yerləşən Şabran, Siyəzən və Xızı rayonlarında 30 min hektardan çox yeni suvarılan torpaq sahələrinin olduğu müəyyən edilib.

Onun sözlərinə görə, hər üç rayonun “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsindən bəhrələnməsi məqsədilə bu rayonlarda meliorativ tədbirləri paralel aparmaqla, tədricən 2-3 il ərzində layihənin tam başa çatdırılması ilə iri kənd təsərrüfatı müəssisələrinin yaradılması və eyni zamanda, fermer təsərrüfatlarının su təminatının yaxşılaşdırılması mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi