Azərbaycanda qoyunçuluq sahəsindəki problemlər açıqlanıb: təsərrüfat modelinin dəyişdirilməsi vaxtıdır

Azərbaycanda qoyunçuluq sahəsindəki problemlər açıqlanıb: təsərrüfat modelinin dəyişdirilməsi vaxtıdır Azərbaycanda qoyun əti istehsalı üzrə təklif tələbi qarşılamadığı üçün qiymət qalxır, bu da istehlakçıların bu məhsula olan tələbatını ödəməyə imkan vermir.
ASK
28 Sentyabr , 2023 12:14
Azərbaycanda qoyunçuluq sahəsindəki problemlər açıqlanıb: təsərrüfat modelinin dəyişdirilməsi vaxtıdır

Azərbaycanda qoyun əti istehsalı üzrə təklif tələbi qarşılamadığı üçün qiymət qalxır, bu da istehlakçıların bu məhsula olan tələbatını ödəməyə imkan vermir.

Bunu “Report”a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent, iqtisadçı ekspert Xaliq Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda qoyun əti istehlak səbətində birinci yeri tutur:

“Örüş yerlərinin əkin altına verilməsi, dağ örüş yerlərində, daşımada çətinliklərin olması, vaksinasiya məsələləri və xəstəliklərə qarşı mübarizənin vaxtında təşkil olunmaması, bala salma və digər xəstəliklərin daha çox olması fermerlərin bu sahə ilə məşğul olmasında əngələ çevrilib. Son beş ildə qoyunların sayı 800-900 min başdan çox azalıb. Bunun 50 %-ni ana qoyun hesab etsək və hər ana qoyunun 14-15 ayda təqribən iki bala verdiyini hesab etsək, bu, 800-900 min baş quzunun doğulmaması deməkdir. Qoyun ətinin normal satış çəkisini 40 kiloqram olaraq götürsək, belə çıxır ki, bazarda qoyun əti 36 min ton azalıb. Yəni bazarda təklif aşağı düşür, tələbat isə olduğu kimi qalır".

X.Məmmədovun sözlərinə görə, yemçillikdə də ciddi problemlər var: "Bu sahədə yarımqapalı şəraitə keçilməlidir. Azərbaycanda kənd təsərrüfatı kooperasiyası haqqında qanun var, amma ölkədə nümunəvi 10 təsərrüfat kooperasiyası belə yoxdur”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə qoyunçuluqda olan problemləri ənənəvi köçəri qoyunçuluq modelinin bugünkü sosial həyat tərzi ilə bir o qədər uyğun olmaması ilə əlaqələndirib:

“Bəziləri bu sahədəki problemləri örüş sahələrinin az olmasında görür. Əslində isə daha ağır problem odur ki, ənənəvi köçəri qoyunçuluq modeli getdikcə populyarlığını itirir. Bunun əvəzində intensiv qoyunçuluq modeli var. Daxili bazarda isə insanlar daha çox ənənəvi qoyunçuluq məhsullarının istehlakına maraq göstərir. Bizim cəmiyyətin istehlak vərdişləri 8-15 kiloqramlıq xırda buynuzlu heyvan əti üzərindən hesablanıb. Bu istehlak vərdişinə olan tələbi qarşılayan ənənəvi köçəri qoyunçuluq təklifi isə getdikcə azalır. Çünki cəmiyyətin ənənələri dəyişir və o təsərrüfat modeli ilə məşğul olmağa maraqlı şəxslər azdır".

F.Fikrətzadə hesab edir ki, getdikcə təbii olaraq bu modelin yerini intensiv və yarımintensiv qoyunçuluq modelləri tutacaq.

Qeyd edək ki, bu il iyulun 1-nə Azərbaycanda qoyun və keçilərin sayı 7 milyon 322 min baş olub. Bu isə ötən ilin eyni dövrünə nisbətdə 8,8 %, pandemiyadan əvvəlki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 14,3 % azdır.

Son xəbərlər

Orphus sistemi