Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yaxın illərdə ölkəmizdə pambıq emalını 400 min tona çatdırmağa imkan verəcək.
“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilir.
Nazir digər ənənəvi sahələrdə də artım tempinin müşahidə olunduğunu qeyd edib: “Belə ki, 2015-ci ildə ölkə üzrə 236 kiloqram yaş barama istehsal olunduğu halda, ötən il bu göstərici 70,7 tona, 2017-ci ildə isə 245,2 tona çatdırılıb”.
Bundan başqa, onun sözlərinə görə, tütünçülüyün inkişafına dair Dövlət Proqramına uyğun olaraq, bu sahədə əkin sahələrini 2021-ci ilə qədər 2 dəfə genişləndirərək, hazırkı 3200 hektardan 6 min hektara çatdırılması nəzərdə tutulur: “Bu isə ölkədə hər il 12 min ton quru tütün istehsal etmək imkanı yaradacaq. İxrac qabiliyyətli əsas məhsullardan olan fındıq istehsalını artırmaq üçün bölgələrdə mövcud fındıq bağlarından 2 dəfə çox yeni bağların salınması nəzərdə tutulur. İri çayçılıq təsərrüfatlarının yaradılması, istehsal prosesinə innovativ texnikanın cəlb olunması və bu sahədə elmi yanaşmaların tətbiqi çay plantasiyası sahələrinin 17 min hektara çatdırılmasına imkan verəcək”.