Azərbaycanda ötən il fitosanitar sabitliyin təmin edilməsi məqsədilə karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı 636 min hektar sahədə müşahidələr aparılıb, 360 min hektar sahədə mübarizə tədbirləri həyata keçirilib.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Bakıda keçirilən “Yaşıl dünya naminə” mövzusunda Bitki Sağlamlığı Forumunda bildirib.
Onun sözlərinə görə, fermerlərin maarifləndirilməsi məqsədilə bitkiçilik üzrə 318 təlim keçirilib, 35 adda müxtəlif məlumatlandırıcı materiallar hazırlanaraq fermerlərə təqdim edilib.
Nazir müavini bildirib ki, zərərvericilərə qarşı mübarizələrin düzgün və vaxtında aparılması üçün feromonların, bioloji mübarizə vasitələrinin tətbiqi və təşviqi, ultra kiçik həcmli çiləyici avadanlıqlardan istifadə bitki sağlamlığı ilə yanaşı ətraf mühitin qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir: "Lakin bitki sağlamlığı təkcə bitki zərərvericilərinə qarşı mübarizə aparılması ilə yekunlaşmır. Müasir dünyamızda bitki sağlamlığının təmin olunması üçün sağlam torpaq amili, düzgün suvarma texnologiyası, düzgün gübrələmə, növbəli əkin və s. kimi mühüm aqrotexniki tədbirlərin həyata keçirilməsi vacibdir. Nazirlik bu istiqamətdə il ərzində davamlı maarifləndirmə tədbirləri həyata keçirir".
O qeyd edib ki, bitki sağlamlığının təmin olunması prosesində müasir texnologiyaların rolu da artmaqdadır: "Dronlar, məsafədən zondlama, süni intellekt və erkən xəbərdarlıq sistemləri kimi texnologiyalar bitki sağlamlığının idarə edilməsini daha da asanlaşdırır. Bu texnologiyaların kənd təsərrüfatında tətbiqinin ildən-ilə genişlənməsi bitki sağlamlığının təmin olunması prosesində müsbət nəticələr verir".