Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında nadir texniki üzüm sortlarının müasir biotexnoloji üsullarla çoxaldılması və yüksək keyfiyyətli əkin materialının alınması istiqamətində tədqiqat işləri qarşılıqlı əməkdaşlıq şəraitində davam etdirilir.
"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə nadir texniki üzüm sortlarından olan “Xindoqnı” və “Həməşərə” sortlarından ibarət materiallar metodik qaydada tədarük olunaraq “in vitro” üsulu ilə çoxaltmaq məqsədilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun laboratoriyasına göndərilib.
Azərbaycanın yerli texniki üzüm sortları (Bayanşirə, Mədrəsə, Xindoqnı, Şirvanşahı, Həməşərə, Mələyi və s.) respublikada şərabçılıq üzrə rəqabət qabiliyyətli milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir. Şirvanşahı, Mədrəsə, Həməşərə, Xindoqnı, Bayanşirə və digər sortlarının əsasən geniş sənaye bağları olmadığına, həmçinin məhdud ərazidə qalan mövcud bağların, o cümlədən həyatyanı təsərrüfatlardakı tənəklərin invertarizasiyası və aprobasiyası aparılmadığından çox cüzi miqdarda çubuq əkin materialı əldə etmək mümkün olur. Bunlar isə ənənəvi qayada çoxaldığından istənilən nəticəni vermir, təlabatı ödəmək uzun illər çəkir. Belə nadir sortların sürətlə çoxaldılması yalnız biotexnoloji üsullarla (in-vitro) mümkündür. Ənənəvi və müasir biotexnoloji üsullarla 150 min ədəd ting istehsalı üzrə müqayisə aparılanda məlum olub ki, ənənəvi tingçilikdə nadir sortların çubuqla (40-70 sm-lik 5-6 gözcüklü) çoxaldılması zamanı bu qədər əkin materialının əldə olunması üçün 14-15 il müddət tələb olunduğu halda, in-vitro üsulu ilə buna çox qısa müddət (2-4 il) lazımdır.
Bununla yanaşı, klonal mikroçoxalmanın üsulları ənənəvi çoxaltma üsulları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Gnetik cəhətdən eyni əkin materialının əldə olunması, meristem kulturasının istifadəsi hesabına bitkilərin viruslardan azad olunması, çoxaltmanın yüksək əmsalı (104-105 – kol və ağac), seleksiya prosesi müddətinin qısaldılması, ənənəvi üsullarla nadir tənəklərin sürətlə çoxalması, il boyu işlərin həyata keçirilməsi imkanı və əkin materialının becərilməsi üçün ehtiyac olan sahələrin səmərəli istifadəsi, becərilmə prosesinin avtomatlaşdırılması imkanı klonal mikroçoxalmanın əsas üstünlükləridir. Bunları əsas gətirən mütəxəssislər hesab edir ki, yüksək nəticələrə nail olmaq üçün daha səmərəli və innovativ üsullara önəm verilməlidir.