Azərbaycanda istehsalla yanaşı, emal sahəsinin təşviqi mexanizmləri nəzərdən keçirilməlidir.
“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov Bakıda keçirilən “Agro Business Forum Azerbaijan–2023” tədbirində bildirib.
"Azərbaycanda emal sənayesinin böyük perspektivləri var. Çünki kənd təsərrüfatı istehsalı, o cümlədən meyvə istehsalının həcmi artdıqca daxili istehlak, ixrac potensialı və emalı məsələsini daha çox nəzərdən keçirmək lazımdır. Məsələn, 1 hektar sahədən təqribən müəyyən həcmdə iri kalibrli və bazarda sərfəli qiymətə satıla biləcək meyvə yığılırsa, müəyyən həcmdə kiçik kalibrli meyvə də yığılır və onun bazara çıxışı istehsalçı üçün rentabelli olmur. Yəni, həmin məhsulun satış gəliri bazara çıxarılması xərclərinə yaxın olduğundan fermer məhsulu satışa çıxarmaqda maraqlı olmur. Bu halda ən yaxşı yol məhsulu emal üçün təqdim etməkdir", - deyə o qeyd edib.
M.İsmayılov bildirib ki, bu gün quru meyvə istehsalı, meyve konservasiyası sahələrinin təşviqinə ehtiyac var: "Məhsulun satışını həm ixrac, həm emal imkanları fonunda genişləndirmək lazımdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və digər qurumlarla birgə son dövrlərdə bir sıra kənd təsərrüfatı texnikalarının və onların ehtiyat hissələrinin vergidən azad olunması istiqamətində ardıcıl addımlar atılıb. Vergidən azad edilmiş kənd təsərrüfatı texnikalarının ayrıca siyahısı təsdiqlənib. Emal avadanlıqlarının da iqtisadiyyatda yaradılan dəyərdə ciddi perspektivləri var. Düşünürəm ki, bu sahədə tədbirlər davam etdirilməlidir”.