Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb
- 12 avqust, 2026
- 15:17
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 8 milyard 797,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % çoxdur.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2,4 %, bitkiçilik məhsullarının istehsalı isə 3,2 % çoxalıb. Məhsulun 50,6 %-i bitkiçiliyin, 49,4 %-i heyvandarlığın payına düşür.
Yanvar-iyun dövründəki 2,2 %-lik göstərici iyul ayının sonuna 2,8 %-ə yüksəlib və bunu bitkiçilik təmin edib. Bu sahədə artım 1,8 %-dən 3,2 %-ə çatıb, heyvandarlıqda isə artım tempi 2,5 %-dən 2,4 %-ə düşüb.
Avqustun 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 198,5 min ton və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 % çox dənli və dənli paxlalı bitkilər, 2 milyon 879,1 min ton (0,1 % çox) yem bitkiləri, 1 milyon 173,1 min ton (1,4 faiz az) tərəvəz, 618,4 min ton (1,2 % çox) kartof, 401,8 min ton (2,2 % az) bostan məhsulları, 391,5 min ton (12,5 % çox) meyvə və giləmeyvə, 77,6 min ton (2,1 dəfə çox) şəkər çuğunduru, 5,4 min ton (10,1 % az) üzüm, 2,6 min ton (4,1 % çox) tütün, 1,9 min ton (11,7 % çox) dən üçün günəbaxan, 849,8 ton (1,9 % çox) yaşıl çay yarpağı yığılıb.
Hesabat dövründə diri çəkidə 348,2 min ton ət, 1 milyon 317,3 min ton süd, 1 milyard 426,3 milyon ədəd yumurta, 13,5 min ton yun, 155,8 ton barama istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 3,8 %, süd istehsalı 0,1 %, yumurta istehsalı 0,7 % artıb, yun istehsalı 1,9 %, barama istehsalı isə 16,5 % azalıb.