Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb
- 11 sentyabr, 2026
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçilik məhsullarının istehsalı isə 3,1 % çoxalıb. Məhsulun 50 %-i bitkiçiliyin, 50 %-i heyvandarlığın payına düşüb.
Sentyabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 291,5 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 7,9 % çox dənli və dənli paxlalı bitkilər, 3 milyon 227,9 min ton (0,1 % çox) yem bitkiləri, 1 milyon 385,3 min ton (2,5 % az) tərəvəz, 777,2 min ton (2,2 % çox) kartof, 574,7 min ton (12,6 % çox) meyvə və giləmeyvə, 434,6 min ton (3,6 % az) bostan məhsulları, 126,4 min ton (2,9 dəfə çox) şəkər çuğunduru, 61 min ton (2,1 % az) üzüm, 21,8 min ton (1,6 % çox) dən üçün günəbaxan, 4,9 min ton (1,7 % az) tütün, 960,1 ton (9,6 %z çox) yaşıl çay yarpağı yığılıb.
Hesabat dövründə diri çəkidə 396,1 min ton ət, 1 milyon 494,6 min ton süd, 1 milyard 625,7 milyon ədəd yumurta, 13,9 min ton yun, 155,8 ton barama istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 3,2 %, süd istehsalı 0,1 %, yumurta istehsalı 1,2 % artıb, yun istehsalı 3,1 %, barama istehsalı isə 16,5 % azalıb.