Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 8 milyard 919,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3 % artaraq 5 milyard 26,6 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 2,9 % artaraq 3 milyard 892,8 milyon manata çatıb.
Bu il oktyabrın 1-nə kimi ölkədə qarğıdalı da daxil olmaqla tarlalardan 3 047,9 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 6,1 % az dənli və dənli paxlalı bitkilər, 1 021,9 min ton (3,8 % çox) kartof, 1 665,5 min ton (1,6 % çox) tərəvəz, 466,5 min ton (1,8 % çox) bostan məhsulları, 765,6 min ton (3,4 % çox) meyvə və giləmeyvə, 182,3 min ton (0,7 % çox) üzüm, 7 818,2 ton (19,3 % az) yaşıl çay yarpağı, 57,7 min ton (50,7 % az) şəkər çuğunduru, 38,8 min ton (14,1 % az) pambıq, 26,6 min ton (8,9 % çox) günəbaxan və 2,9 min ton (39 % az) tütün yığılıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2,9 % artaraq 411,2 min ton, süd istehsalı 1,7 % artaraq 1 655,5 min ton, yumurta istehsalı 5,3 % artaraq 1 486,5 milyon ədəd, yun istehsalı 2,2 % azalaraq 15,6 min ton, barama istehsalı 30,5 % azalaraq 341,4 ton olub.