Azərbaycanda heyvan mənşəli zülalın qəbulunda adambaşına düşən balıq məhsullarının payı yalnız 2%, dünya üzrə orta göstərici isə 17% təşkil edir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci Sessiyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, ölkədə adambaşına düşən orta illik balıq və balıq məhsulları istehlakı 2008-ci ilədək 4 kiloqrama yaxın olub: "Son illərdə bu göstərici artaraq 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-cı ildə isə 7,4 kiloqrama çatıb. Dünya üzrə bu göstərici 20,5 kiloqram, Avropada isə 24 kiloqram təşkil edir".
Nazir vurğulayıb ki, balıq və balıq məhsulları qida zəncirində əhəmiyyətli yer tutur: "Balıq əti ilə təminat ölkədə ümumi tələbatın böyük faizini təşkil etməsə də, tərkibində olan zəruri qida elementləri baxımından insan orqanizmi üçün vacib hesab edilir. Statistik göstəricilər də ölkəmizdə balıq istehlakı ənənəsinin qənaətbəxş olmadığını göstərir. Dünyada baş verən geosiyasi hadisələr, iqlim dəyişmələrinin mənfi təsirləri, eləcə də əhalinin təbii artımı qida tələbatının qarşılanmasını təhdid altında qoyur, o zaman geniş istehsal imkanları olan akvakultura sahəsinin inkişaf etdirilməsinə ciddi zərurət yaranır".
M.Məmmədov vurğulayıb ki, son illərdə akvakultura sahəsinin inkişafı üçün hüquqi baza təkmilləşdirilir: "Balıqçılıq haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklər, “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”, “Balıqçılıq subyektinin uçotunun aparılması Qaydaları” və digər bu kimi vacib əhəmiyyətli qərarlar qəbul edilib".