Azərbaycanda 2020-ci ilin epizootik tədbirlərinə start verilib

Azərbaycanda 2020-ci ilin epizootik tədbirlərinə start verilib Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri 2020-ci ilin yanvar ayının ilk günlərindən başlayaraq ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara, ev itləri arasında quduzluq, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə seroloji müayinələrin aparılmasına start veriblər.
ASK
11 Yanvar , 2020 12:09
Azərbaycanda 2020-ci ilin epizootik tədbirlərinə start verilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri 2020-ci ilin yanvar ayının ilk günlərindən başlayaraq ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara, ev itləri arasında quduzluq, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə seroloji müayinələrin aparılmasına start veriblər. 

"Report" bu barədə Nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, bununla əlaqədar AXA-nın baytar mütəxəssisləri bölgələrə ezam olunublar. 

Ölkədə epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi profilaktik vasitələr, ləvazimat və avadanlıqlarla təmin ediliblər.

Hər il olduğu kimi, cari ildə də dövlət vəsaiti hesabına alınmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon (şəhər) baytarlıq idarələrinin əməkdaşları tərəfindən "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq əhalinin mal-qarasına tətbiq olunur. Adları Nazirlər Kabinetinin 7 mart 2006-cı il tarixli qərarında qeyd edilən xüsusi təhlükəli xəstəliklərin profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilir və ödənişsiz əsaslarla (pulsuz) heyvanlara tətbiq olunur.

Dövlət büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının istifadəsində şəffaflığı təmin etmək məqsədilə ölkəmizdə əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də heyvan və quşlara tətbiq ediləcək biopreparatların, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının üzərinə qırmızı hərflərlə “SATILA BİLMƏZ” yazılıb.

Alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə rayon (şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib. Tapşırıqlarda bildirilir ki, heyvanların baş sayına uyğun baytarlıq preparatlarının sahə baytarlıq məntəqələri arasında bölgüsü vaxtlı-vaxtında aparılsın, yerlərdə vaksinlərin tətbiqinə ciddi nəzarət edilsin, baytarlıq preparatlarının işlədilməsi zamanı epizootik və ambulatoriya kitablarda qeydiyyat və icra aktı tərtib olunsun. Eləcə də üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış baytarlıq preparatlarının özəl baytarlıq aptekində satılmasının yolverilməzliyi və inzibati məsuliyyətə gətirib çıxarması rayon (şəhər) baytarlıq idarələrinin diqqətinə çatdırılıb.

"Ölkəmizdə ilk dəfə olaraq yağlı məhlullarda hazırlanmış vaksinlərdən istifadə ediləcəkdir. Bu vaksinlərin yağ məhlullarında təsiredici maddələri öz keyfiyyətini uzun müddət saxlamaqla, heyvanda daha yaxşı immunitet yaradır.

AXA əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin tövsiyə olunur ki, heyvanların müalicə-profilaktik və epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələrinə və baytarlıq idarələrinə müraciət etsinlər, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilsin.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Aqrar Xidmətlər Agentliyi lazımi təşkilati tədbirləri davam etdirir", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi