"Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi xurmanın ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində iş aparır.
Bunu "Report"a açıqlamasında qurumun sədri Qadir Yusifov bildirib.
“Ənənəvi bazarımız Rusiyadır. Amma digər ölkələrlə də danışıqlar aparırıq. Məsələn, ərəb və digər Asiya ölkələri ilə mütəmadi danışıqlarımız gedir. O cümlədən, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki marketlər şəbəkəsinə, Türkmənistana, Qazaxıstanın şimal hissəsinə, Rusiyanın Ural zonasına məhsullar çıxarmağa çalışırıq", - o deyib.
Azərbaycan ötən il təxminən 126 milyon ABŞ dolları dəyərində 174 min ton xurma ixrac edib. Q.Yusifovun sözlərinə görə, bu il ixracın həcminin ən az ötənilki qədər olmasına çalışacaqlar, amma Rusiya-Ukrayna müharibəsinə görə ixracda azalma olacağı da istisna deyil: "Hazırda xaricə çox az həcmdə xurma göndərilir. Kütləvi ixraca isə oktyabrın 20-dən başlanılacaq. Logistika məsələsi əvvəlki kimidir. Yüklər vaqon və TIR-larla daşınır. Keçən il Azərbaycanın Rusiya ilə sərhədində böyük tıxaclar oldu və minlərlə maşın yolda qaldı. Bu ilin mart ayından bu günə qədər kənd təsərrüfatı məhsullarının ixracında belə hallar olmayıb. Amma müharibə 30-40 min tonluq Ukrayna bazarının itirilməsi deməkdir. Bu ölkəyə birbaşa ixracımız olub. Üstəlik Rusiyanın Rostov şəhərindən Azərbaycan xurmasını alıb müxtəlif yollarla Ukraynaya daşıyırdılar".
Sədr məhsulların qablaşdırılmasında taxta deyil, plastik və karton qutulardan istifadə etməyi tövsiyyə edib: "Bu, həm ağacların kəsilməsinin qarşısını almaq üçün vacibdir, həm də əksər market şəbəkələri məhsulların plastik və karton qutularda göndərilməsini istəyirlər. Üstəlik, bu qutular taxta qutularla müqayisədə ucuz başa gəlir”.
Q.Yusifov bildirib ki, Azərbaycand xurma istehsalına mane olan əsas problemləri də sadalayıb: "Suvarma və gübrə məsələsi ilə bağlı problemlər var. Regionlarda su qıtlığı mövcuddur. Gübrələr isə 2 dəfədən çox bahalaşıb. Bizdə yerli karbamid gübrəsi olsa da, bu, kifayət etmir. Xurma yetişdirilməsi üçün fosfor, kalium və digər yemləmələrə, ziyanvericilərə qarşı mübarizə dərmanlarına da ehtiyac var. Bunlar isə Türkiyə, İspaniya və digər ölkələrdən gəlir, qiymətləri fantastik həddədir”.