Azərbaycan Türkiyənin arıçılıqla bağlı təcrübəsini MDB məkanına yaymaq istəyir

Azərbaycan Türkiyənin arıçılıqla bağlı təcrübəsini MDB məkanına yaymaq istəyir Azərbaycan Türkiyənin arıçılıqla bağlı təcrübəsinin MDB məkanına, o cümlədən Rusiyaya yayılmasında körpü rolunu oynamaq istəyir.
ASK
28 Yanvar , 2020 10:09
Azərbaycan Türkiyənin arıçılıqla bağlı təcrübəsini MDB məkanına yaymaq istəyir

Azərbaycan Türkiyənin arıçılıqla bağlı təcrübəsinin MDB məkanına, o cümlədən Rusiyaya yayılmasında körpü rolunu oynamaq istəyir.

Bu, yanvarın 25-26-da Bakıda keçirilmiş VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransında səslənmiş əsas fikir olub.

Konfransın təşkilatçısı olan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov bildirib ki, tədbiri keçirməkdə məqsəd regionun arıçılarını bir araya toplamaq, arıçılıq sahəsində son yeniliklər, təbii balın əldə edilməsi yolları, arıların saxlanma şəraiti, onların yoluxa biləcəyi xəstəliklər və s. vacib məsələlər barədə fikir mübadiləsi aparmaqdır.

“Türkiyədə arıçılıq son illər sürətlə inkişaf edib və müasir avadanlıqlardan istifadə edirlər, bu təcrübənin Rusiya da daxil olmaqla postsovet ölkələrinə ötürülməsində körpü rolunu oynamaq istəyirik”, - deyə o, qeyd edib.

Əvvəlki illərdə keçirilmiş konfranslardan fərqli olaraq bu il Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Belorus, Moldova və Qazaxıstandan olar peşəkar arıçılar, elm adamları tədbir iştirakçılarına təlimlər, master klass proqramları keçiblər. Bundan başqa, Azərbaycan, Türkiyə, Rusiya, Çin, Pakistandan olan bal istehsalçıları öz məhsullarının təqdimatını ediblər.

Konfransa arıçıların üzləşdiyi problemlər də müzakirə edilib. Məsələn, Tovuz rayonundan olan və 25 ildir ki, arçılıqla məşğul olan Qəzənfər Yusifov bal istehsalı olan yem bazasının zəif olmasından gileylənib:

“Yay aylarında adətən dağa köçürük və arıları istədiyimiz yerdə yerləşdirə bilmirik. Çünki hər yerin öz sahibi var və yerləmə ilə bağlı çətinlik yaşayırıq, bələdiyyələrin, icra hakimiyyətlərinin köməyinə ehtiyacımız var. Bundan başqa, bal istehsalına imkan verən mədəni bitkilərin əkilməsində böyük problemlər var , bu bitkilərin əkilib-becərilməsi yox dərəcəsindədir”.

Tədbirdə Azərbaycan balının ixrac imkanlarına da toxunulub. Türkiyənin Erciyez Universitetinin professoru Sibel Silici yerli istehsalçıları məhsullarını sertifikatla satmağı məsləhət görüb: “Azərbaycan balı orqanik bal sertifikatı ilə satılarsa, ixrac imkanları genişlənəcək. Bu sertifikatı almaq üçün isə bala əlavə heç nə qatılmamalı, məhsul xüsusilə pestesid qatqısından uzaq olmalıdır. Kiloqraqmı 200 avroya satılan balın tərkibində möcüzəvi bir maddə yoxdur, o, sadəcə təbii, saf baldır. Satış həm də marketinq siyasətinin yaxşı qurulmasından asılıdır”.

Qeyd edək ki, hazırda dünyada əsas bal istehsalçıları Çin, Yeni Zelandiya, Braliziya, Argentina, Meksika, İspaniya, Macarıstan, Ukrayna və Hindistandır. Balın əsas idxalçıları isə Avropa ölkələri, qismən də Şimali Amerika və Asiya ölkələridir. 

Son xəbərlər

Orphus sistemi