Qazaxıstan və Azərbaycan hazırda Aktau terminal anbarına və ya kənd təsərrüfatı kompleksinə kapital qoyuluşu məsələsini nəzərdən keçirir.
“Report” “Zakon.kz” saytına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin Azərbaycan ilə əldə olunan razılaşmalardan, o cümlədən meyvə-tərəvəz tədarükünün artırılması təklifindən danışarkən bildirib.
"Mən meyvə-tərəvəz tədarükünün artırılmasını təklif etdim, çünki Manqistau və Atırau vilayətlərində bu baxımdan çatışmazlıq var
Bundan əvvəl biz ticarət-iqtisadi missiyaları həyata keçirmişik və 25-30 milyon ABŞ dollarlıq malların qarşılıqlı tədarükü barədə razılığa gəlmişik. Sonuncu ticarət-iqtisadi missiya çərçivəsində bu göstəricini 55 milyon ABŞ dollara çatdırılması razılışdırılıb. Biz qənnadı məmulatlarının, akkumulyatorların və uzun fasilədən sonra transformatorların tədarükü ilə bağlı müqavilələr imzaladıq. Transformatorlarımız yenidən Azərbaycan bazarına qayıdır”, - S.Jumanqarin əlavə edib.
Xatırladaq ki, Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyası çərçivəsində aprelin 5-də Bakıda Azərbaycan ilə Qazaxıstan arasında bir sıra müqavilələr imzalanıb.