Azərbaycan bal ixracını artırmaq niyyətindədir

Azərbaycan bal ixracını artırmaq niyyətindədir Nazir: "2020-2022-ci illər arasında dünya bazarında tələbatın kəskin artacağı gözlənilir"
ASK
1 Dekabr , 2017 12:08
Azərbaycan bal ixracını artırmaq niyyətindədir
Kənd təsərrüfatı naziri Heydər Əsədov / Report/ Orkhan Azim

Bakı. 1 dekabr. REPORT.AZ/ "Azərbaycan yaxın perspektivdə bal və arıçılıq məhsullarının ixracını artırmağı hədəfləyir." 

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

"Hazırda dünyada bal istehsalının həcmi 1,5 mln. tondur. Bu rəqəm 10 ilə yaxındır dəyişməz qalır. Lakin hesablamalara görə, 2020-2022-ci illər arasında tələbatın kəskin artacağı, 2-2,5 mln. ton zərurət yaranacağı gözlənilir. Bu tələbatın ödənilməsində bazara çıxış imkanının yaradılmasından biz də istifadə etməliyik", - nazir deyib.

H.Əsədov qeyd edib ki, Azərbaycanda istehsal olunan bal orqanikliyinə görə digər ölkələrdəki baldan fərqlənir. Nazirin sözlərinə görə, keçən il Azərbaycan 6 ton bal satıb və balın qiyməti 8-8,5 min ABŞ dolları/ton təşkil edib: "Azərbaycan balı orqanik olduğuna görə, dünya bazarına çıxış imkanı daha asandır və tələbat var. Dünya bazarında orqanik bala olan tələbat ümumi bal tələbatının 15-20%-ni təşkil edir. Çin, Yaponiya kimi ölkələr orqanik bala daha çox maraq göstərir. Ona görə də bizim bal və məhsullarını qablaşdırdıqdan sonra premium bazarlarda satış üçün böyük perspektivlərimiz var və bunu nəzərə alırıq". 

H.Əsədov bildirib ki, bu istiqamətdə gələcəkdə daha ciddi addımlar atılacaq: "Bunun üçün nazirlik müxtəlif proqramlar hazırlayıb. Yaxın vaxtlarda arıçılığa dövlət dəstəyinin artırılması ilə bağlı Azərbaycan Prezidentinə, hökumətə təkliflər təqdim olunacaq. Arıçılıq Assosiasiyası ilə də arıçılığın inkişafına dövlət dəstəyi məsələləri müzakirə olunub".

Son xəbərlər

Orphus sistemi