Azərbaycan arıçılığın inkişafı ilə bağlı yeni layihəyə start verib

Azərbaycan arıçılığın inkişafı ilə bağlı yeni layihəyə start verib Layihə FAO və Türkiyə Tərəfdaşlıq Proqramının Etimad Fondu ilə birgə reallaşdırılır
ASK
15 May , 2015 14:08
Azərbaycan arıçılığın inkişafı ilə bağlı yeni layihəyə start verib

Bakı. 15 may.REPORT.AZ/ Azərbaycanda arıçılığın inkişaf etdirilməsi məqsədi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən "Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması Layihəsi"nin həyata keçirilməsinə başlanılıb. "Report" xəbər verir ki, bununla bağlı layihənin həyata keçirilməsi və nəticələri, arıçılıqda seleksiya-damazlıq işlərinin yaxşılaşdırılması, arıçılığın inkişafı ilə bağlı Türkiyə və dünya təcrübəsi mövzusunda məsələlər bu gün Bakıda keçirilən seminarda müzakirə olunub.

Seminarda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, FAO-nun baş texniki eksperti Reyner Krel (Rainer Krell), layihənin beynəlxalq məsləhətçisi Əhməd İnci, TİKA-nın proqram əlaqələndiricisi Mustafa Polat, arıçılıq üzrə alim və mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Nazirliyin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib ki, layihənin büdcəsi 200 min dollar təşkil edir. Bu vəsaitin 100 min dolları məsləhət xidmətlərinə yönəldiləcək, təqribən 25-35 min dollar isə arıçılığa sərf ediləcək.

Qeyd edək ki, FAO-nun bu yeni layihəsi yerli bal arılarının təmizlənməsi, seleksiya-damazlıq işlərinin aparılması və təkmilləşdirilmiş ana arılardan istifadə etməklə, arıçılıqda məhsuldarlığın artırılması və arı koloniyalarının daha səmərli idarə olunması vasitəsilə ölkənin şimalında Qafqaz arısını arıxanalara qaytarmaq və bu sahəni məhsuldar biznesə çevirmk üçün Azərbaycana yardım etməkdir. 


FAO-Türkiyə Tərəfdaşlıq Proqramının Etimad Fondu ilə birgə reallaşdırılan bu layihədə Azərbaycan arıçılarının təlim keçməsi, Azərbaycanla Türkiyə bal emalçıları və arıçılıq avadanlıqları istehsalçıları arasında kommersiya əlaqələrinin yaxşılaşdırılması nəzərdə tutulub.

Tədbirdə FAO-nun eksperti R.Krell bildirib ki, Azərbaycanda arıçılıq sahəsində əsas problemlərdən biri ana arılarla bağlıdır: "Güclü və diqqətlə müəyyən edilən Qafqaz arılarını seçməklə koloniyalar ən fəal işçi arı törəmələri yetişdirəcək". 

Layihənin beynəlxalq məsləhətçisi Ə.İnci isə seleksiya-damazlıq işləri sahəsində Türkiyə və dünya təcrübəsindən seminar iştirakçılarına məlumat verib.

Qeyd edək ki, bu layihənin müddəti iki ildir.

Son xəbərlər

Orphus sistemi