Azərbaycan arıçıları ötən il necə işləyib?
- 10 mart, 2020
- 08:17
Ötən ildə Azərbaycandakı 31 041 təsərrüfatda mövcud olan 542,8 min arı ailəsindən 5 781,3 ton bal, 156,1 ton mum, 15,8 ton vərəmum, 14,1 ton güləm və 609,7 kq arı südü əldə olunub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, balın 1 kiloqramının orta satış qiyməti 25,1 manat, mumun - 13,0 manat, vərəmumun - 129,5 manat, güləmin - 77,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,1 manat olub.
“Arıçılığın inkişafının stimullaşdırılması haqqında” ölkə prezidentinin 5 mart 2018-ci il tarixli sərəncamına əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərib. Belə ki, 2017-ci illə müqayisədə 2019-cu ildə arı ailələrinin sayı 271,1 min, bal istehsalı isə 2 738,2 ton artıb.
Ümumiyyətlə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 11 ildə bal istehsalı 4,1 dəfə, arı ailələrinin sayı 3,8 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 17,5-ə qədər artıb. Eyni zamanda arıçılığın inkişafı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir.