Azərbaycan 2 ölkədən səməni idxalını bərpa edib
- 26 fevral, 2025
- 14:24
Ötən il Azərbaycana xarici ölkələrdən 11,75 milyon ABŞ dolları dəyərində 18 min 434 ton səməni (pivə istehsalı üçün istifadə edilən xammal) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 2,3 %, kəmiyyət olaraq – 6,6 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 5,51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 11 min 553 ton (-10 %), Almaniyadan 4,1 milyon ABŞ dolları dəyərində (-0,2 %) 3 min 517 ton (+6 %), Qazaxıstandan 1,69 milyon ABŞ dolları dəyərində 2 min 629 ton, Ukraynadan 334 min ABŞ dolları dəyərində (+7,6 dəfə) 518 ton (+7,8 dəfə), Slovakiyadan 60 min ABŞ dolları dəyərində (-77 %) 66 ton (-73 %) məhsul idxal edib.
Azərbaycan 6 il 9 aylıq fasilənin ardından Türkiyədən (0,2 min ABŞ dolları dəyərində 0,1 ton) və 4 ilin tamamında Qazaxıstandan səməni tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 17 min 294 ton səməninin 73,5 %-i Rusiyanın, 19,2 %-i Almaniyanın payına düşüb.