Azər Bayramov: "Aqrar sektorda özəl investisiyalar və rəqəmsal transformasiya prioritet olacaq"

ASK
  • 06 may, 2026
  • 11:29
Azər Bayramov: Aqrar sektorda özəl investisiyalar və rəqəmsal transformasiya prioritet olacaq

Azərbaycanda aqrar sektorda özəl investisiyalar və rəqəmsal transformasiya prioritet olacaq.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.

A.Bayramov bildirib ki, sektorun inkişafı üçün dövlət xərclərinin sadəcə artırılması deyil, özəl kapitalın prosesə cəlb edilməsi daha böyük əhəmiyyət kəsb edir: "Sektorun transformasiyası üçün özəl investisiyanın cəlbi dövlət xərcinin artırılmasından daha vacib bir amildir. Bu o deməkdir ki, dövlət dəstəyi fərqləndirilməlidir. Yerli bazara fokuslaşan fermerlə kommersiya ixracatçısının eyni sxemlə dəstəklənməsi yanaşması resursların hədəfdən istifadəsinə maneə yaradır. İxraca yönəldilmiş aqrobiznes subyektləri sertifikasiya üzrə xüsusi kredit mexanizmləri və bazar əlçatanlığı baxımından fərqləndirilmiş yanaşma almalıdırlar. Vergi siyasətinin təkmilləşməsi, o cümlədən ixraca yönəldilmiş subsidiyalar üçün fiskal güzəştlər növbəti dövr üçün yeni strategiya çərçivəsində də prioritetləşdirilir. İşğaldan azad edilmiş ərazilərin su resursları və aqroparkların yeni modeli bu torpaqları yüksək dəyərli aqrobiznes platformasına çevirə bilər."

Nazir müavini həmçinin rəqəmsal innovasiyaların rəqabətqabiliyyətlilik üçün zəruriliyini vurğulayıb: "Müasir aqrobiznesdə rəqəmsal alətlər, süni intellekt əsaslı hədəflər, məhsulun proqnozlaşdırılması, xəstəliklərin erkən aşkarlanması, resurs istifadəsinin optimallaşdırılması artıq bu üstünlük deyil, rəqabətqabiliyyətliliyin şərtidir. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması fermerlərin dəstək mexanizminə çıxışını sürətləndirir, şəffaflığı artırır və inzibati yükü azaldır. Aqrar kredit sisteminin yalnız maliyyə vasitəçiliyindən öyrənən instituta çevrilməsi kredit qərarlarının, qrant nəticələrinin, layihələrin uğur və uğursuzluqlarının sistemi kimi analiz etməsi dövlət siyasəti qərarının əsaslandırılması qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirir və bu beynəlxalq tərəfdaşlarla bu sahədə əməkdaşlıq innovasiya transferini sürətləndirəcək və siyasətin düzgün dizaynını gücləndirəcək".