Yuxarı

​Azərbaycanın iqtisadiyyat və sənaye və kənd təsərrüfatı nazirləri Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlarla görüşüblər

Görüşdə 40-a yaxın iri meyvə-tərəvəz istehsalçısı, emal müəssisələri və logistika mərkəzlərinin rəhbərləri iştirak ediblər

Bakı. 29 avqust.REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçiriblər. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilmiş görüşdə 40-a yaxın iri meyvə-tərəvəz istehsalçısı, emal müəssisələri və logistika mərkəzlərinin rəhbərləri iştirak ediblər.

İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə qeyri-neft sektorunun ixrac potensialına, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalına, ölkənin ixrac imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirlərinə, bu sahədə sahibkarların üzərinə düşən vəzifələrə dair müzakirələr aparılıb.

Tədbirdə çıxış edən nazir Ş.Mustafayev bildirib ki, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi, ölkənin ixrac imkanlarının artırılması Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir.

"Bu ilin yanvar-iyul aylarında qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 56%-i ötüb, qeyri-neft məhsullarının ixracı artıb. İqtisadiyyatın aparıcı sahəsinə çevrilmiş özəl sektorun inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə kompleks dövlət dəstəyi tədbirləri (kənd təsərrüfatı məhsullarının istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, texnika və gübrə satışında tətbiq olunan güzəştlər, güzəştli kreditlərin verilməsi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi və s.) həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, artıq ölkə ÜDM-in 80%-dən çoxu özəl sektorun payına düşür. Hazırda ölkənin bütün iqtisadi rayonlarında, o cümlədən Quba-Xaçmazda müasir texnologiyalara əsaslanan istehsal və emal müəssisələri, logistika mərkəzləri fəaliyyət göstərir. Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Belə ki, bu yaxınlarda Qazaxıstanda Azərbaycanın xaricdə ilk Logistika Mərkəzinin təməli qoyulub. Görülən dəstək tədbirləri nəticəsində Azərbaycanın ixrac imkanları genişlənib, qeyri-neft məhsullarının ixracı artıb. Bu gün rəqabətqabiliyyətli yerli məhsullar ənənəvi bazarlarla yanaşı, bir sıra xarici ölkələrə ixrac edilir", - deyə nazir vurğulayıb.

Ölkəmizin ixrac imkanlarının genişləndirilməsi sahəsində dəstək tədbirlərinin davam etdiriləcəyini vurğulayan nazir, bu sahədə keyfiyyətli və ixracyönümlü məhsul istehsalının, məhsulların standartlara uyğun markalanmasının əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Nazir H.Əsədov isə çıxışında qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri, bu sahədə yeni yanaşma üsulları barədə məlumat verib. Kənd təsərrüfatının inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına dövlət dəstəyi bundan sonra da davam edəcək. Nazir həmçinin bildirib ki, aqrar sahədə fəaliyyət göstərən istehsalçılar və emalçılar arasında kooperasiya əlaqələrinin inkişaf etdirilməsinin, Azərbaycan brendinin formalaşdırılmasının, sifarişlərin yerinə yetirilməsi zamanı müqavilələrin birbaşa bağlanmasının və müqavilə öhdəliklərinə əməl olunmasının vacibliyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi