Bakı. 28 yanvar. REPORT.AZ/ Son 20 ildə olduğu kimi Avropa İttifaqı (Aİ) kənd təsərrüfatı yerlərinin inkişafında Azərbaycanın yaxın tərəfdaşı olaraq qalacaq. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Elektron kənd təsərrüfatı" adlı seminarda Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.
"Azərbaycanla Aİ bir çox layihələrdə tərəfdaş olub. Avropada qida təhlükəsizliyinə böyük önəm verilir. Biz bu sahədə əldə etdiyimiz təcrübəni Azərbaycanla bölüşürük. Eyni zamanda, Azərbaycan üçün də qida məhsullarının ixrac potensialı olduqca önəmlidir", - deyə M.Mard qeyd edib.
Elektron kənd təsərrüfatının bir hissəsinin subsidiyaların idarə olunması və nəzarətin təşkilini əhatə etdiyini vurğulayan səfir bildirib ki, Aİ bu sahədə uzun illərə əsaslanan böyük təcrübəyə malikdir: "Bizim də müəyyən səhvlərimiz ola bilər və Azərbaycandan da öyrənə bilərik. Biz Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi işləyə bilərik. Layihədə işləyən ekspertlərimizin maraqlı təklifləri var. Bu sahədə Azərbaycan hökuməti, fermerlər, qeyri-dövlət təşkilatlarının birgə işləməsi vacibdir. Bu layihə kənd təsərrüfatı üçün ayrılan subsidiyaların səmərəli istifadəsi üçün nəzərdə tutulub".