Bakı. 4 oktyabr. REPORT.AZ/ Sabahdan başlayaraq oktyabrın 28-nə qədər Bakıda keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 1 kq balın qiyməti 20-25 manat olacaq.
“Report” xəbər verir ki, bu barədə yarmarka ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.
O həmçinin deyib ki, Azərbaycanda keyfiyyətsiz arıçılıq məhsulları, o cümlədən keyfiyyətsiz bal daha çox Astara və Daşkəsən rayonlarında hazırlanır: “Həmin rayonlardan hər il maarifləndirmə tədbirləri görülsə də, sahibkarlar qoyulan normalara əməl etmirlər”.
Qeyd edək ki, yarmarkaya ölkə üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub. Bunun 5 tonu çərçivə halındadır. Daha çox məhsul Lənkəran və Aran iqtisadi rayonlarından göndərilib.
Xatırladaq ki, Azərbaycanda 271 682 arı ailəsi mövcuddur və hər arı ailəsində illik məhsuldarlıq orta hesabla 10 kq, respublika üzrə illik bal istehsalının həcmi isə 3 min tondur. Ölkənin bala olan tələbatı isə 5 min tondur.
Ən çox arı ailəsi Zaqatala (17 097), Astara (12 429), Qax (9 125), Lerik (8 669), Balakən (8 581) rayonlarındadır.