"Azərbaycandan ərəb ölkələrinə aqrar məhsulların ixrac həcminin artırılması üzərində iş gedir".
Bunu "Report"a açıqlamasında Azərbaycan - Ərəb ölkələri Əməkdaşlıq Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.
Onun sözlərinə görə, bu məqsədlə ərəb ölkələrindən olan topdansatış alıcıları ilə görüşlər keçirilib: "Ərəb ölkələri arasında ən böyük bazarlar sayılan Səudiyyə Ərəbistanında və Bəhreyndə topdansatış mərkəzinin yaradılması istiqamətində layihəmiz var. Bununla bağlı həmin ölkələrdəki tərəfdaşlarımızla razılığa gəlmişik. Bu layihənin reallaşdırılması Azərbaycanın meyvə-tərəvəzinin ərəb ölkələrinə ixracını asanlaşdıracaq”.
Y.Əliyev qeyd edib ki, Azərbaycan məhsulları keyfiyyətli olsa da, onlar xarici bazarlarda, o cümlədən ərəb ölkələrinin bazarlarına yaxşı tanınmır. Odur ki, ixracın həcmi mövcud potensialdan azdır: "Yerli istehsalçılar bu bazarlarda daha çox təqdimatlar həyata keçirməlidirlər ki, məhsullarını tanıda bilsinlər. Daha çox məhsul ixrac edə bilərik, amma bəzi səbəblərə görə edə bilmirik. Ərəb ölkələrinin bazarları daha rəqabətqabiliyyətlidir. Məsələn, əsasən Rusiyaya satdığımız pomidorun ərəb ölkələrində satış qiyməti yüksək deyil. Ona görə də bizim istehsalçılar ərəb ölkələrinə pomidor ixrac etmək istəməyib. Amma zamanında bu bazarlara ucuz məhsul versəydik, bugünkü üzləşdiyimiz problemlərlə qarşılaşmazdıq. Biz Rusiya bazarına öyrəşmişik.
Hazırda ərəb ölkələrinin bazarlarında Pakistan, Hindistan, Türkiyə məhsulları əsas yer tutur. Biz də bu bazarlara girmişik, ancaq ixracı genişləndirmək elə asan məsələ deyil. Azərbaycan ixracatçıları üçün əsas problemlərdən biri logistika məsələsidir. İstəyirdik ki, dövlət logistika məsələsində subsidiyalaşma həyata keçirsin. İxracatçıların logistika xərclərinin müəyyən hissəsini dövlət ödəsə, bu onlara kömək olar. Digər məsələ, ödənişlə bağlıdır. Belə ki, bir çox topdanalıcılar vadəli ödəniş sistemi tətbiq edirlər. Məhsulu təhvil verəndən sonra vəsaiti köçürmək istəyirlər və yaxud 1-2 həftəlik təminat əsasında ödəniş edirlər. Bununla bağlı da problemlər yaranır. Yerli istehsalçılar isə ölkədən məhsul çıxmamış vəsaiti tələb edirlər”.