Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bu gün Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz rayonundan olan vətəndaşları qəbul edib.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiyanın verilməsi, regionda kənd təsərrüfatı təyinatlı texnikaların satışı, “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində at gücü çox olan traktorların istifadəyə verilməsi, istifadədə olan köhnə kombaynların yenilənməsi, torpaqların sənədləşdirilməsi və digər məsələlərlə bağlı olub.
“Aqroservis” sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.