Aqrar Subsidiya Şurası əkin subsidiyalarının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahələrinin minimum ölçüləri ilə bağlı yeni qərarlar qəbul edib.
"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, Azərbaycan Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, aşağıdakı tələblər müəyyən edilib:
Birillik bitkilər - arpa, buğda, çəltik və qarğıdalı üçün əsas və təkrar əkin subsidiyalarının alınması üçün ümumi əkin sahəsi 10 hektar və ya daha artıq olmalıdır.
Çoxillik bitkilər - üzüm, çay, fındıq, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin), ərik, alma, armud, gilas, xurma (xirnik), badam və qoz bağları üçün minimum əkin ölçülərinə uyğun olaraq sığortalanma tələb olunur.
2025-ci ildə yeni subdidiyaların tətbiqi də planlaşdırılır. Belə ki, qaragilə (mavigilə) əkin subsidiyası Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonları ilə yanaşı Quba-Xaçmaz iqtisadi da əhatə edir. Bu ildən torf və perlit qarışığında dibçəklərdə əkilən bağlara 15 000 manat subsidiya veriləcək. Turşuluq (PH) səviyyəsi 6,5-dən artıq olmayan torpaqlarda, damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara minimum 3 400 tingin əkildiyi qaragilə bağlarına 7 500 manat subsidiya ayrılacaq.
Bu il üçün tətbiq olunacaq yenə şərtlərdən biri də İqlim stansiyalarının qurulmasıdır. Əsasən, üzüm, çay və intensiv meyvə bağlarının əkin subsidiyalarının alınması üçün 15 hektar və ya daha artıq sahəyə malik fermerlərdən iqlim stansiyası qurulması tələb olunur. Bu tələblər yalnız 2025-ci il yanvarın 1-dən sonra salınan bağlara şamil edilir.
Bu ildən şəkər çuğunduru əmsallarında da dəyişiklik edilib. Müasir suvarma sistemi ilə təmin olunmuş sahələr üzrə məhsul əmsalı 19 manatdan 22 manata, müasir suvarma sistemi olmayan sahələrdə isə 18 manatdan 19 manata qədər artırılıb.