"İşğal altında olan torpaqlarımızın düşmənlərdən təmizlənməsi, Qarabağda davam edən quruculuq işləri kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlər üçün yeni imkanlar yaradır. Artıq həm aqrar, həm də heyvandarlıq sahəsində çalışan şirkətlər yeni planlar üzərində çalışır, hesablamalar aparırlar."
Bu barədə “Report”a Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.
"Azərbaycan dövləti qarşısında duran prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpa edilməsidir. Artıq bu istiqamətdə bəzi işlər, hesablamalar aparılır. Torpaq balansı məlumatlarına əsasən, işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpasından sonra 200 min hektardan çox torpaq sahəsinin əkin üçün istifadə ediləcəyi proqnozlaşdırılır. Bunun da təqribən 9 min hektarı həyətyanı sahələrdir".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün yerli televiziyalara verdiyi müsahibəsi zamanı işğaldan azad edilmiş torpaqlarımızın kənd təsərrüfatına yararlılıq məsələsinə toxunub:
"Biz azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlamışıq və böyük vəsait səfərbər etmişik, özəl şirkətlərə, fermerlərə təlimat vermişik və artıq orada əkin işləri başlanıb. Amma biz onu da bilməliyik ki, azad edilmiş torpaqlar sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunurdu. Yəni orada - dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Yəni bu, Ermənistan üçün böyük rəqəmdir. Amma bizim üçün bu, böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Yəni bu da reallıqdır. Yəni bu, bizim kəsirimizi, 1,3 milyonluq kəsirimizi örtmür. Onu da bilməliyik ki, əhali artır, ildən-ilə tələbat artır, pandemiyaya görə ölkəmizə xarici vətəndaşların gəlişində azalma olub. Pandemiyadan sonra yenə də milyonlarla turist gələcək. Ona görə özümüzü demoqrafik perspektivləri nəzərə alaraq təmin etmək üçün biz ancaq müasir texnologiyalar, müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaratmalıyıq”.
F.Fikrətzadə azad olunmuş torpaqların kənd təsərrüfatımıza əhəmiyyətli qatqısı olacağını düşündüyünü bildirdi:
“Həmin ərazilərdən ən az 200 min tona yaxın məhsul əldə edəcəyimiz şübhəsizdir. Həmin taxil məhsulları heyvanların yemlə təmin olunması baxımından da vacibdir. Çünki bu ərazilərimiz heyvandarlığın inkişafı baxımından da böyük əhəmiyyətə malikdir. Bunun sayəsində bizim özümüzü ət və südlə təmin etmə göstəricilərimiz xeyli yüksələcək. Ölkə Prezidentinin sadaladığı kimi, biz hazırda südlə 82-85 %, mal əti ilə 90 % özümüzü təmin edə bilirik. Bu ərazilər sayəsində göstərici 100 %-ə çatacaq”.
Prezident çıxışında başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək məsələsinə də toxunub. F.Fikrətzadə hesab edir ki, bizim ölkədə kənd təsərrüfatı resursları dünya standartlarından aşağıdır:
"Ona görə də ölkə başçısı tərəfindən olan bu çağırış yüksək qiymətləndirilməlidir. Bizim kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərimiz, holdinqlərimiz var. Onlar on minlərlə hektar sahədə əkinlərə müasir texnologiyalar tətbiq etmək potensialına malikdirlər. Onlara dövlət tərəfindən də dəstək göstərilir. Biz istəyirik ki, həmin şirkətlərin fəaliyyəti digər ölkələrdə də dəstəklənsin. Yəni, torpaqları xaricdən icarəyə götürmüş olsaq belə, yerli sahibkarlarımıza məxsus məhsullar olsun. Bu normal praktika hesab olunur.
Yaxın vaxtlarda bu çağırışa səs verən şirkətlər haqqında məlumat alacağımıza inanıram”.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı istehsalının bərpası hesabına ölkə üzrə ümumi kənd təsərrüfatı məhsulları istehsalı həcminin 8 %-dən çox artacağı gözlənilir. Bu sahədə dövlətlə yanaşı, özəl şirkətlərin birgə fəaliyyəti gözlənilir.