Ağcabədidə mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib
- 14 sentyabr, 2026
- 12:29
Ağcabədi rayonunda mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, tədbir Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Qeyd olunub ki, yarmarkanın əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, aqrar sahədə tətbiq olunan yeniliklər və müasir texnologiyalar barədə fermerlərin məlumatlandırılması, innovativ avadanlıqlara çıxış imkanlarının artırılması, eləcə də yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumların fermerlər üçün əlçatanlığının təmin edilməsidir.
Aqrar Biznes Festivalı çərçivəsində kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, gübrə və pestisidlər, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlar tərəfindən göstərilən aqrar xidmətlərə dair məlumatlar müxtəlif stendlərdə təqdim olunub. Fermer və sahibkarlar nümayiş etdirilən texnika və avadanlıqlarla tanış olmaq, məhsul və xidmətlər barədə ətraflı məlumat almaq, onları təqdim edən şirkət və qurumların nümayəndələri ilə birbaşa əlaqə yaratmaq imkanı əldə ediblər.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov tədbirdə çıxış ediblər.
Yarmarka çərçivəsində Ağcabədi rayonu və ətraf rayonlardan olan 20-dən artıq toxumçu öz toxumlarını sərgiləmək və nümayiş etdirmək imkanı qazanıb. Eyni zamanda, sərgidə ayrı-ayrı rayonların ixtisaslaşmasına uyğun yerli və xarici toxum nümunələri də təqdim olunub. Tədbirdə Arıçılar Assosiasiyası, Kənd Qadınları Assosiasiyası və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının qadın qrupları öz fəaliyyət istiqamətləri və hazırladıqları məhsullarla iştirak ediblər.
Festivalda 10-dan çox arıçı iştirak edərək müxtəlif növ bal və digər arıçılıq məhsullarını sərgiləyib.
Qeyd edək ki, 2026-cı il üzrə Toxum Sərgi-Satış Yarmarkalarının kənd təsərrüfatı bitkiləri üzrə müəyyən edilmiş ixtisaslaşma nəzərə alınmaqla 9 iqtisadi rayon üzrə 10-dan çox rayonda keçirilməsi nəzərdə tutulur. Bu çərçivədə Dövlət Proqramında müəyyən edilmiş ixtisaslaşmaya uyğun olaraq buğda üzrə 22, pambıq üzrə isə 15 rayon nəzərə alınır.