ADB regionda ərzaq böhranının təsirinin azaldılması üçün 14 milyard dollar ayıracaq

ADB regionda ərzaq böhranının təsirinin azaldılması üçün 14 milyard dollar ayıracaq Asiya İnkişaf Bankı (ADB) Asiya-Sakit okeanı regionunda dərinləşən ərzaq böhranının təsirinin azaldılması, ərzaq sistemlərini gücləndirmək yolu ilə uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hərtərəfli dəstək proqramı çərçivəsində 2022-2025-
ASK
27 Sentyabr , 2022 12:58
ADB regionda ərzaq böhranının təsirinin azaldılması üçün 14 milyard dollar ayıracaq

Asiya İnkişaf Bankı (ADB) Asiya-Sakit okeanı regionunda dərinləşən ərzaq böhranının təsirinin azaldılması, ərzaq sistemlərini gücləndirmək yolu ilə uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hərtərəfli dəstək proqramı çərçivəsində 2022-2025-ci illər ərzində azı 14 milyard ABŞ dolları maliyyə vəsaiti ayırmağı planlaşdırır.

“Report” ADB-yə istinadən xəbər verir ki, bank bu maliyyə yardımı ilə yoxsulluq və ərzaq qiymətinin yüksək olması səbəbindən, təxminən, 1,1 milyard insanın sağlam qidalanmadığı regiona dəstəyini genişləndirir.

Bu maliyyə vəsaiti kənd təsərrüfatı məhsulları, qida istehsalı və bölüşdürülməsi, sosial müdafiə, suvarma və su idarəetməsi, təbii həllərin istifadə olunduğu layihələr daxil olmaqla, sektorlardakı mövcud və yeni layihələr vasitəsilə yönəldiləcək.

Bundan başqa, ADB enerji keçidi, nəqliyyat, kənd təsərrüfatı maliyyələşməsinə çıxış, ətraf mühitin idarə olunması, səhiyyə və təhsil kimi ərzaq təhlükəsizliyinə töhfə verən digər fəaliyyət sahələrinə sərmayə qoymağa davam edəcək.

Yeri gəlmişkən, Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava bankın bu gün keçirilən 55-ci illik toplantısında deyib ki, bu, Asiyada çoxlu sayda yoxsul ailələrin daha ac və yoxsul olmasına səbəb olan böhrana vaxtında verilən və son dərəcə ehtiyac duyulan cavabdır: “İqlim dəyişikliyinin təsirləri daha da pisləşmədən və regionun çətinliklə əldə edilmiş inkişafı daha da sarsılmadan əvvəl, yəni məhz indi hərəkətə keçməliyik. Dəstəyimiz məqsədyönlü, hərtərəfli və effektli olacaq. Bu dəstəyimiz yeni yaranan və gələcək ərzaq təhlükəsizliyi risklərinin təsirini azaltmaq üçün qida sistemlərini gücləndirməklə yanaşı, həssas insanlara, xüsusilə də həssas qadınlara qısa müddətdə kömək etməyə istiqamətlənəcək”.

ADB qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzü əsas ərzaq məhsulları və gübrələrin tədarükünü pozub. Bu isə qlobal qida sisteminə təzyiqi daha da artırır. Qeyd edək ki, qlobal qida sistemi iqlim dəyişikliyi, COVID-19 pandemiyasına görə tədarüklərin pozulması və kənd təsərrüfatı sahəsində dayanıqlı olmayan vasitələrdən istifadə edilməsi səbəbindən zəifləyib.

Əslində, Asiya-Sakit okeanı regionu ərzaq sahəsində sarsıntılara meyillidir. Buna səbəb regiondakı bəzi ölkələrin əsas qida məhsulları və gübrə idxalından asılı olmasıdır. Ərzaq məhsulları hətta Ukraynadakı müharibədən qabaq belə ADB-yə üzv olan bir çox ölkələrin əhalisi üçün əlçatan deyildi.

Bu arada, Asiya İnkişaf Bankı regionun iqlim dəyişikliyindən və biomüxtəlifliyin itirilməsindən təsirlənən ətraf mühitinin qorunmasına da diqqət ayıracaq.

“Bizim uzunmüddətli yanaşmamızın mühüm hissəsini təbii ehtiyatların qorunması, regionun ərzaq məhsullarının böyük hissəsini istehsal edən və bölüşdürən fermerlərin və aqrobizneslərin dəstəklənməsi, həmçinin ərzaq məhsullarının istehlakçılara səmərəli şəkildə çatmasını təmin etmək üçün açıq ticarətin təşviq olunması təşkil edir”, - M.Asakava vurğulayıb.

Bu məqamda qeyd edək ki, proqram çərçivəsində yardım bu il başlayacaq və 2025-ci ilə qədər davam edəcək. O, ADB-nin dövlət və özəl sektor əməliyyatlarında istifadə olunacaq. Üstəlik, proqram çərçivəsində ərzaq təhlükəsizliyi məqsədilə özəl sektorun birgə maliyyələşdirilməsinə əlavə 5 milyard ABŞ dolların cəlb edilməsi hədəflənir.

ADB 2007-2008-ci illərdə qlobal ərzaq böhranı zamanı da öz üzvlərinə dəstək göstərmiş və bu təcrübəsindən gələn il ərzaq təhlükəsizliyi üzrə əməliyyat planının həyata keçirilməsində istifadə edəcək. O vaxtdan bəri Asiya İnkişaf Bankı ərzaq təhlükəsizliyinə hər il 2 milyard ABŞ dolları sərmayə qoyub. 2018-ci ildə isə ADB ərzaq təhlükəsizliyini əsas əməliyyat prioriteti kimi müəyyənləşdirib.

Xatırladaq ki, Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb və onun 49-u Asiya regionundan olmaqla 68 üzvü var.

Son xəbərlər

Orphus sistemi