Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin ölkədə islahatlar aparması üçün ilk vacib addım növbədənkənar parlament seçkilərinin keçirilməsi sayılırdı. Artıq bu proses uğurla başa çatıb.
Əvvəlcə onu qeyd edək ki, Ukrayna parlamenti - Ali Rada 450 deputatdan ibrətdir. Krım adası və Sevastopol Rusiya tərəfindən ilhaq edildiyi, Donetsk və Luqansk vilayətlərində Kremlin dəstəyi ilə separatçı rejimlər qurulduğuna görə həmin ərazilərdə seçkilər keçirilməyib. Nəticədə Ali Radada 26 yer boş qalıb. Başqa sözlə, majoritar birmandatlı dairələr üzrə 225 deyil, 199 deputat seçilib. Ona görə də 215 yer qazanan partiya və blok hökuməti təkbaşına quracaq.
Ukraynanın qanunverici orqanına seçkilər üzrə 22 partiya qeydə alınmışdı. Lakin səsverməyə bir gün qalmış - iyulun 20-də Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvili rəhbərlik etdiyi təşkilatın seçkilərdən çəkildiyini elan etdi. O, tərəfdarlarını prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyasına səs verməyə çağırdı.
Partiyalar üçün keçid baryeri 5 faiz olub. İlkin məlumatlara əsasən, baryeri Xalqın Xidmətçisi Partiyası, Rusiyayönlü Həyat uğrunda - Müxalifət platforması, Avropa Həmrəyliyi Partiyası, “Batkivşina”, Səs Partiyası keçib.
İlkin məlumatlara əsasən, birmandatlı dairələr üzrə V.Zelenskinin partiyasına seçicilərin 42,19 faizi səs verib. Bu isə hakim partiyaya 121 yer qazandıra bilər. Dövlət başçısının partiyası majoritar dairələr üzrə isə 106 yer tutub. Bununla da cəmi 227 yer qazanaraq tək başına hökumət qurmaq imkanı əldə edib.
Həyat uğrunda - Müxalifət platforması 12,75 faiz (37 deputat) və majoritar 6 deputat, Avropa Həmrəyliyi Partiyası uyğun olaraq, 8,75 faiz (25 yer) və majoritar 2 deputat, “Batkivşina” 8,15 faiz ( 24 yer) və 2 deputat, Səs Partiyası 6,39 faiz (18 yer) və 2 majoritar dair üzrə deputat yeri qazanıb.
Xalqın Xidmətçisi Partiyası koalisiya hökuməti də qura bilər. Seçkilər başa çatandan sonra V.Zelenski Səs Partiyasını koalisiya hökuməti qurmağa çağırıb. Bu siyasi təşkilatın lideri Svyatoslav Vakarçuk dolayı yolla koalisiya hökuməti qurmağa hazır olduqlarını vurğulasa da, bunun üçün aydın şərtlərin vacib olduğunu da əlavə edib. Onun sözlərinə görə, Ukrayna Avropaya,
Qeyd edək ki, sonuncu parlamentdə hökuməti o vaxtkı hakim Avropa Həmrəylik Partiyası (135 yer) və Xalq Cəbhəsi Partiyası ( 80 deputat) qurmuşdu.
Müxalifətin isə 147 deputatı var idi: Ali Radada Müxalifət bloku 38 deputat, Özünəyardım Birliyi 25, Dirçəliş Partiyası qrupu 25, Oleq Lyaşkonun Radikal Partiyası 21, Batkivşina 20, Xalqın İradəsi qrupu 18 deputatla təmsil olunurdu. Qanunverici orqanda fraksiyalara qoşulmayan 61 deputat fəaliyyət göstərirdi. Parlamentdə 27 deputat yeri boş qalmışdı.
Demək olar ki, 17 partiya, o cümlədən sonuncu baş nazir Vladimir Qroysmanın “Qroysmanın Ukrayna Strategiyası” siyasi təşkilatı seçkilərdə uğur əldə edə bilmədi. Beləliklə, müxalifət dəyişdi.
Rusiyayönlülər parlamentdə də prezident V.Zelenskinin siyasi xəttinə müxalifətdə olacaqlar. Ancaq sayca az olduqlarından uğur əldə edəcəkləri inandırıcı görünmür. Bu isə Ukraynanın birmənalı şəkildə Avropaya və ya Qərb blokuna inteqrasiyanın sürətlənəcəyi qənaətinə gəlməyə əsas verir.
Növbədənkənar seçkilərdə Ukrayna vətəndaşları prezidentin namizədlərini dəstəklədilər və Xalqın Xidmətçisi Partiyasına səs verməklə dövlət başçısının aparacağı siyasi kursu müdafiə ediklərini ortaya qoydular. V.Zelenskinin kursunun əsasını isə ölkənin ərazi bütövlüyünün təmin edilməsi, oliqarxların hakimiyyətdən uzaqlaşdırılması, korrupsiyaya qarşı mübarizə, güclü iqtisadiyyat və sosial problemlərin həlli, yeni ordu quruculuğu, korrupsiyasız hökumətin formalaşdırlması və s. təşkil edir.
Yaxın tarix deməyə əsas verir ki, bu işdə ona daha çox Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili yardım edə bilər. Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun sədrlik etdiyi müşavirədə onun daxili işlər naziri Arsen Avakovla mübahisəsi unudulmayıb.
Seçkiqabağı təbliğat kampaniyasında M.Saakaşvili bildirirdi ki, əgər növbədənkənar parlament seçkilərində qalib gəlsə, 25 min korrupsioner məmuru həbs edəcək.
Onun partiyasının üzvü, Odessanın keçmiş prokuroru David Sakvarelidze bildirib ki, M.Saakşvilinin seçkilərdə iştirak etməyəcəkləri ilə bağlı çağırışlarına baxmayaraq, yüz minlərlə seçici Yeni Qüvvələr Hərəkatına səs verib.
Belə bir üstünlüyü olduğu halda, M.Saakaşvilinin seçkilərə bir gün qalmış siyasi kampaniyada iştirakdan imtina etməsi onun gələcək fəaliyyəti ilə bağlı bəzi ehtimalları irəli sürməyə əsas verir:
- Milyarder Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcü Arzusu Partiyası hakimiyyətə gəldikdən sonra M.Saakaşvili Gürcüstan vətəndaşlığından çıxarılıb və barəsində cinayət işi açılıb. Hazırda bu ölkədə keçirilən etiraz aksiyalarının aparıcı qüvvəsi onun tərəfdarlarıdır. Hadisələrin inkişafını nəzərə alaraq, demək olar ki, keçmiş prezident vətəninə qayıdıb yenidən hakimiyyətə başçılıq etməyə cəhd göstərəcək;
- Hakimiyyətə gəlməsə belə, Ukraynadakı imkanları ilə Gürcüstanın siyasi həyatına müdaxiləsi davam edəcək;
- Vladimir Zelenski oliqarxlara və korrupsiyaya qarşı mübarizə aparmaq üçün M.Saakaşviliyə səlahiyyət verir;
- M.Saakaşvili hakimiyyətdə təmsil olunmur, Ukrayna prezidentinə hakimiyyətdən kənar qüvvə olaraq dəstək verir və ölkənin siyasi həyatında gələcəkdə daha yüksək post uğrunda mübarizə şansını qoruyur;
- V.Zelenski M.Saakaşvilinin partiyasının üzvlərinə hakimiyyətdə təmsil olunmağa şərait yaradır və s.
Belə ehtimal edilir ki, V.Zelenski hökuməti formalaşdırdıqdan sonra korrupsioner məmurlara və oliqarxlara qarşı mübarizəni sərtləşdirəcək. Bu işi aparmaq üçün, heç şübhəsiz, onun, ilk növbədə, qətiyyətli baş prokurora ehtiyacı olacaq. Ona görə M.Saakaşvilinin ən sadiq adamlarından biri olan David Sakvarelidzenin bu vəzifəyə təyin olunacağı gözlənilir.
Qeyd edək ki, o, 1981-ci il sentyabrın 15-də Tbilisidə anadan olub. M.Saakaşvilinin prezidentliyi dövründə 3 il baş prokurorun müavini, Ukrayna baş prokurorunun müavini və Odessanın prokuroru işləyib.
Göründüyü kimi, Ali Radanı buraxmaq və seçkilərdə qalib gəlməklə “Xalqın xidmətçiləri” daha bir üstünlük əldə etdilər. V.Zelenski azından korrupsiyaya qarşı mübarizəni gücləndirmək, oliqarxları hakimiyyətdən uzaqlaşdırmaq, Avrointeqrasiyanı sürətləndirmək, hakimiyyəti rusiyayönlülərdən təmizləmək üçün təkbaşına yeni hökumət qurmaq imkanı əldə edib. Bu həm də onun parlamentə təqdim edəcəyi layihələrin qəbul olunacağı deməkdir. Çünki sonuncu amil Ali Radanın buraxılmasına səbəb oldu.
V.Zelenskinin qarşısında duran vacib amillərdən biri də Rusiya ilə münasibətləri əvvəlki böhranlı vəziyyətdən çıxarmağa nail olmaqdır.
Beləliklə, Ukraynada inqilaba bərabər islahatlar aparıla bilər. Bunun üçün eyni siyasi qüvvənin yeni prezidenti, yeni parlamenti və yeni hökuməti də var.