Paris zirvəsi - yada düşməyən Krım, nəzarətsiz dövlət sərhədi - ŞƏRH

Paris zirvəsi - yada düşməyən Krım, nəzarətsiz dövlət sərhədi - ŞƏRH Almaniya və Fransa münaqişələrin həllinə heç bir töhfə verə bilmədiyini bir daha sübut etdi
Analitika
10 Dekabr , 2019 15:24
Paris zirvəsi - yada düşməyən Krım, nəzarətsiz dövlət sərhədi - ŞƏRH

İstənilən münaqişənin həlli dünyada təhlükəsizliyə, əmin-amanlığa, əməkdaşlığa və firavanlığa xidmət edir. Çünki regional sayılan münaqişələr iki tərəf arasında deyil. Belə qarşıdurmada böyük güclər də dolayı və ya birbaşa yolla iştirak edirlər. Ərazisində münaqişə yaradılan dövlətlərdən biri də Ukraynadır. Bu ölkənin Avropa İttifaqı, yaxud Qərb bloku üçün əhəmiyyəti nə qədərdirsə, Rusiya üçün ondan bir neçə dəfə artıqdır. Bunu sadalamağa elə ciddi ehtiyac hiss etmirik. Son yüz ildə Ukraynanın Avropada, keçmiş SSRİ-də və ondan sonrakı dövrdə oynadığı rolu xatırlamaq kifayətdir. Sovetləri rəsmi olaraq quran və dağıdan üç dövlətdən biri olması faktı bunu təsdiqləyir.

Deməli, dekabrın 10-da Fransanın paytaxtı Paris şəhərində “Normand dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü olub. 2 saat 20 dəqiqəyə yaxın davam edən görüşdə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putin iştirak ediblər. Ukraynada yeni prezident seçiləndən sonra bu dördlüyün ilk toplantısı idi. Paris zirvəsi Vladimir Putinlə Vladimir Zelenskinin ilk şəxsi görüşü, 2016-cı ildən sonra “Normand formatı”nın birinci toplantısı idi. Görüşdə, əsasən, Donbasdakı vəziyyət müzakirə olunub. Tərəflər giorvların və ya əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsini razılaşdırıblar. Bununla da 72 ukraynalı Yeni ili öz ailəsi ilə qeyd etmək imkanı qazanıb. Tərəflər həmçinin ilin müddətsiz atəşkəs rejiminin tətbiq edilməsi, Ukraynanın şərqində üç yeni rayondan silahlıların çıxarılmasını razılaşdırıblar. Düzdür, Rusiya prezidenti təmas xətti boyu bu addımın atılmasını təklif etsə də, Ukrayna lideri buna razılıq verməyib. Bundan başqa, tərəflər Almaniyanın keçmiş xarici işlər naziri Ştaynmayerin adı ilə adlandırılan “Ştaynmayer formulu”nu da razılaşdırıblar. Həmin formula əsasən, Luqansk və Donetskə müvəqqəti status veriləcək. Ancaq bunun reallaşması üçün Ukrayna parlamenti layihəni təsdiqləməlidir. Ukraynanın şərqində ATƏT missiyasının mandatının genişləndirilməsi, “Normand formatı”nın dörd aydan sonra yenidən görüşməsi də razılaşdırılıb. Amma Ukraynanın dövlət sərhədinə tam nəzarət etməsi, seçkilərin keçirilməsi və təbii qazın tranziti məsələlərində razılıq əldə edilməyib. Vladimir Zelenski Ukrayna ilə Rusiya arasında olan 409 km-lik dövlət sərhədinə (Luqansk və Donetsk) tam nəzarət edilməsi məsələsinə yenidən qayıdacaqlarını vurğulayıb. Rusiya prezidenti sərhəd məsələsində tərəflərin mövqelərində fikir ayrılığının olduğunu təsdiqləyib. Qeyd edək ki, 2015-ci ildə Minskdə əldə olunmuş razılaşmaya əsasən, Luqansk və Donetskdə seçkilər keçirildikdən sonra həmin ərazidə dövlət sərhədi Ukraynanın nəzarəti altına keçəcək.

Yeri gəlmişkən, Rusiya təbii qazının Ukraynadan keçməsi məsələsini rəsmi Kreml şirnikləndirici təkliflə həll etmək niyyətindədir. Rusiya prezidenti Ukraynanın “mavi yanacağı” indikindən 25 faiz ucuz qiymətə ala biləcəklərini vəd edib. Müzakirə edilməyən əsas məsələlərdən biri isə Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasıdır. Vladimir Zelenski bu məsələni dörd aydan sonra “dördlüy”ün görüşündə qaldıracağına boyun olub. Görüşlə bağlı mövqelərdə nikbinlik ifadə edilib. Yığıncaqdan əvvəl Vladimir Zelenski görüş faktını “qələbə” adlandırsa da, toplantıdan sonra deyib: “Görüşün nəticəsi mənim üçün çox azdır. Daha çox problemin həlli ilə bağlı qərarın qəbul edilməsini istərdim”. Rusiya prezidenti Ukrayna ilə münasibətdə soyuqluğun aradan qaldırılmasına başladığını vurğulayıb. Emmanuel Makron bu toplantını “məhsuldar” adlandırıb. Angela Merkel görüşün nəticələrindən razı qaldığını bildirib: “İradə və müsbət ovqat var”. Görüşdən bir gün əvvəl isə Kiyevdə “Maydan”da minlərlə insan “Təslimə yox!”, “Moskvadan uzaq dur!”, “Rusiya qazı boynumuzda ilgəkdir!” şüarları ilə etiraz aksiyası keçiriblər.


Bu arada Rusiya ilə Ukrayna arasında ticarət əlaqələrinə, o cümlədən energetika sahəsində əməkdaşlığa da qısa baxış etmək yerinə düşərdi. 2009-cu ildə tərəflər arasında imzalanan müqaviləyə əsasən, Rusiya Ukraynaya təbii qazın min kubmetrini 485 dollardan aşağı qiymətə satacağını vəd etmişdi. Ancaq “Maydan” hərəkatından sonra bu müqavilə ləğv edildi. “Maydan”dan sonra Stokholm məhkəməsinin Rusiyanın üzərinə qoyduğu öhdəliyə əsasən, onlar təbii qazın min kubmetrini əvvəlcə 300 dollara, bir müddət sonra isə 221 dollara satmalı idi. Ancaq “Qazprom” bu qərarı yerinə yetirməkdən imtina edib. Rusiya prezidentinin irəli sürdüyü qiymət də bunu özündə ehtiva edir. Hazırda Ukrayna Rusiyadan daha çox mal idxal edir. Ukrayna Dövlət Statistika Xidmətinin məlumatına görə, 2015 və 2016-cı illərdə tərəflər arasında ticarət dövriyyəsi aşağı düşsə də, sonra qalxmağa başlayıb. 2018-ci ildə Rusiya Ukraynadan 3,65 mlrd. dollarlıq (2017-c ildə bu rəqəm 3,94 mlrd. dollar) mal idxal edib. Ukrayna isə qarşı tərəfdən hesabat dövründə 8,09 mlrd. dollarlıq (2017-ci ildə 7,2 milrd dollar) mal gətirib. 2019-cu ilin yanvar-mart aylarında Rusiya 760 mln. dollarlıq, Ukrayna isə 1,8 mlrd. dollarlıq idxalat edib. Bununla da cari ilin birinci rübündə Rusiya ilə ticarətdə Ukrayna üçün mənfi saldo olub. Ukrayna Rusiyadan, əsasən, neft, təbii qaz və neft məhsulları idxal edir. Ötən il bu məqsəd üçün Kiyev Moskvaya 4,4 milard dollar ödəyib.

Nəhayət, sammit iştirakçıları görüşün nəticəsini müsbət dəyərləndirdi. Əlbəttə, münaqişə edən tərəflərin bir-biri ilə görüşməsi yaxşı və təqdirəlayiq haldır. Ancaq bu nəticəyə, xüsusi ilə ərazi bütövlüyünə, münaqişənin həllinə heç bir müsbət təsiri olmayıb. Ukraynanın dövlət sərhədinə nəzarətin həllində qeyri-müəyyənlik, Krım yarımadasının xatırlanmaması sammitin nəticəsini dəyərləndirmək üçün kifayət edə bilər. Uğur girovların və ya əsirlərin dəyişdirilməsi, atəşkəsin müddətinin uzadılmasındadır. Əslində, bu toplantı Rusiyaya öz imkanlarını və qüdrətini nümayiş etdirməyə imkan verib, Kreml Avropa ictimai rəyinə özünü təqdim etmək üçün fürsət əldə edib. Zirvə toplantısı Rusiyanı irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış hüququndan məhrum olunduğu gün keçirildiyindən Vladimir Putin məsələni şərh etmək imkanı qazanıb. O bildirib ki, qərarı təhlil etmək lazımdır: “Məsələn, Rusiya Milli Olimpiya Komitəsi ilə bağlı heç bir şikayət yoxdur. Şikayət yoxdursa, o zaman ölkə öz dövlət bayrağı altında çıxış edə bilər. Olimpiya Xartiyasında belə yazılıb. Əlimizdə bütün əsaslar var ki, bu qərardan məhkəməyə şikayət edək. Hər hansı bir cəza bu və ya digər şəxsə tətbiq edilməli və əsaslandırılmalıdır. Cəzalar kollektiv xarakter daşıya bilməz, müəyyən pozuntularla əlaqəsi olmayan insanlara şamil olunmamalıdır və hamı bunu başa düşür”. Xatırladaq ki, Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum edilib. Qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub.

Beləliklə, Paris sammiti bir daha göstərdi ki, Ukraynanın ərazi bütövlüyünün təmin olunması baxımından Rusiya mövqeyindən geri çəkilməyib. Almaniya və Fransa münaqişələrin həllinə heç bir töhfə verə bilmədiyini bir daha sübut etdi. Bu həm də münaqişələrin həllində Avropa İttifaqının gücsüzlüyünün göstəricisi sayıla bilər. İttifaq ABŞ-ın yedəyində gedərək, sadəcə, sanksiyalara qoşulmaqla işini bitmiş sayır. Bu da qurumun müstəqil siyasət yürütmək imkanının olmadığını göstərir. ABŞ-ın da bu sammitlə bağlı ümumi sözlər bildirəcəyi istisna edilmir. Nə baş verir, yoxsa Qərb bloku Ukraynanı yenidən Rusiyanın nüfuz dairəsinə qaytarır? Əlbəttə, bu addım Qərbin etibardan düşməsinə səbəb olar. Ancaq Luqansk və Donetskə müvəqqəti statusun verilməsi istiqamətində razılıq Ukraynanın Rusiyaya perspektivdə müəyyən güzəştlər edəcəyini ehtimal etməyə əsas verir. Bu ehtimal doğru olarsa, onda kim kimə nəyi, yaxud hansı mövqeyi güzəştə gedəcək? Rusiya Qərbə Suriya, İraq, Əfqanıstan, Venesuela kimi problemlərdən hansını güzəştə gedəcək? Hər halda bu ehtimallardır. Əsas məsələ Ukraynanın ərazi bütövlüyünün təmin olunmasıdır. Bunun üçün sammitdə işıq ucu belə görünmədi. Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində, ən azı, dörd aydan sonra addım atıla bilər. Odur ki, Vladimir Zelenskinin ölkəsinə əli dolu qayıtdığını demək olmaz. 

Son xəbərlər

Orphus sistemi