Yuxarı

Yay vaxtına keçidlə bağlı qərarın ləğvinin Azərbaycan idmansevərləri üçün üstünlükləri - ŞƏRH

Avropa çempionatı və olimpiadaya daha erkən saatlarda baxmaq mümkün olacaq

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan ərazisində yay vaxtına keçidlə bağlı qərarın ləğvi ölkə idmansevərləri üçün müəyyən üstünlüklər yaradıb. "Report"un məlumatına görə, əksər qərb ölkələri ilə saat fərqinin azalması bir sıra önəmli yarışların daha erkən saatlarda izlənilməsinə şərait yaradacaq.

Bu, ilk növbədə, futbol üzrə Avropa kuboklarında qarşıdakı oyunlar zamanı özünü göstərəcək. Artıq Çempionlar Liqası matçları saat 23:45-də yox, 22:45-də, Avropa Liqasının görüşləri isə 00:05-də yox, 23:05-də başlanacaq.

İyunun 10-da Fransada start götürəcək Avropa çempionatında da oyunlara daha tez baxmaq mümkün olacaq. Fransada ən gec başlanacaq qarşılaşmanın start fiti saat 00:00-da yox, 23:00-da çalınacaq.

Azərbaycanlı idmansevərlər 5 - 21 avqustda keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da azərbaycanlı idmançıların çıxışlarını və digər yarışları gecə saatlarında izləməli olacaqlar. Amma hər halda bu yarışlar da bizim üçün bir saat tez başlanacaq.

Sentyabrdan isə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin oyunlarına start veriləcək. Azərbaycan millisi yer aldığı C qrupunda ev oyunlarına saat 21:00-da yox, 20:00-da, səfər qarşılaşmalarına isə ən geci saat 23:45-də yox, 22:45-də çıxacaq.

Qeyd edək ki, yay vaxtına keçidlə bağlı qərarın ləğvinin Azərbaycan Premyer Liqası, 5 - 21 mayda Bakıda 17 yaşadək futbolçular arasında təşkil olunacaq Avropa çempionatı, yayda keçiriləcək avrokubok qarşılaşmalarına, eləcə də 17 - 19 iyunda Bakıda təşkil olunacaq Avropa Qran Prisinə necə təsir edəcəyi hələlik məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi