Yaxın Şərqdə gərginlik artır - Misirin müharibəyə qoşulması ehtimalı güclənir - ŞƏRH

Yaxın Şərqdə gərginlik artır - Misirin müharibəyə qoşulması ehtimalı güclənir - ŞƏRH Son günlər beynəlxalq siyasi müstəvidə müzakirə olunan əsas məsələlərdən biri də Yaxın Şərqdə davam edən müharibədir. Oktyabrın 7-də İsrail ordusu il HƏMAS arasında başlanan hərbi toqquşma indiyədək davam etməkdədir. Proseslər göstərir ki, yaxın zamanda s
Analitika
23 Oktyabr , 2023 14:44
Yaxın Şərqdə gərginlik artır - Misirin müharibəyə qoşulması ehtimalı güclənir - ŞƏRH

Yaxın Şərqdə İsraillə-HƏMAS arasında davam edən müharibə beynəlxalq aləmdə ən çox müzakirə olunan məsələlərdən biridir. Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlayan hərbi toqquşmalar davam edir. Proseslər göstərir ki, yaxın vaxtlarda da sülh əldə olunmayacaq. Əksinə, döyüşlərin miqyası getdikcə genişlənir. Qonşu Livan müharibəyə qoşulmasa da, ərazisindən İsrailə raketlər atılır. Gələcəkdə digər ərəb dövlətlərinin də müharibəyə qoşulması nəzəri cəhətdən mümkündür.

Belə demək mümkünsə, bu gün bütün dünyanın diqqəti Yaxın Şərqdədir. Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 21-də Misirin paytaxtı Qahirədə 30-dan çox dövlətin, o cümlədən bir sıra beynəlxalq və regional təşkilatların iştirakı ilə Fələstin-İsrail münaqişəsinin həlli üzrə keçirilən beynəlxalq sülh sammitində çıxışı zamanı deyib ki, regiondakı gərginlik beynəlxalq təhlükəsizliyə də təsir edə bilər. O qeyd edib ki, hər iki tərəf - həm İsrail, həm də Fələstin üçün ədalətli olan sülhün yaranması üçün çalışmaq lazımdır.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da oxşar məzmunlu açıqlama vermişdi. Onun fikrincə, Fələstin-İsrail münaqişəsi regional müharibəyə çevrilə bilər.

Əslində hər iki diplomatın dediyində həqiqət var. Məsələ ondadır ki, hazırkı qarşıdurma yalnız HƏMAS-la İsrail arasında deyil. Bir çox dünya gücü, o cümlədən ABŞ, Rusiya və İran Qəzzadakı proseslərdə birbaşa maraqlıdır. Bu dövlətlər Yaxın Şərqdəki müharibənin öz maraqlarına uyğun nəticələnməsi üçün əllərindən gələni edir.

Ümumiyyətlə, hazırda dünyada proksi müharibə gedir: böyük güclər təsir göstərə bildikləri dövlətlərdən istifadə edərək fərqli regionlarda müharibə başladır, amma özləri birbaşa savaşa daxil olmurlar. Bu, böyük siyasi aktorların öz maraqlarını müxtəlif bölgələrdə təmin etmək cəhdidir.

Bu baxımdan, qeyd etdiyimiz kimi, müharibənin gələcəkdə daha da genişlənməsi mümkündür. Çünki dünya dövlətləri tədricən öz mövqelərini ortaya qoymalı olacaqlar. Nəzərə almaq lazımdır ki, bu gün Yaxın Şərq bütün güclü siyasi aktorların diqqət mərkəzindədir.

İsraillə HƏMAS arasında davam edən müharibə ilə bağlı fərqli ssenarilər var. Bir çoxunun fikrincə, savaş Rusiyanın maraqlarına uyğundur. Çünki ABŞ-ın diqqəti Yaxın Şərqə yönəlir. Beləliklə, Moskva ümid edə bilər ki, Vaşinqton üçün həm Kiyevə, həm də Təl-Əvivə dəstək göstərmək çətin olacaq və Ukraynaya yardım azalacaq.

İkincisi, istisna deyil ki, bu müharibə ilə ABŞ öz strateji maraqlarını həyata keçirir. Belə ki, Ağ ev artıq ərəb dünyası ilə "haqq-hesabı çürütmək" qərarına gələ bilər. Vaşinqtonun Şərqi Avropada Ukrayna vasitəsilə etdiyini Yaxın Şərqdə İsrailin əli ilə təkrarlaması mümkündür. Proseslərin gedişi ən azı Livanın müharibəyə qoşulacağını ehtimal etməyə əsas verir. Həmçinin ABŞ-ın İsrailə artan dəstəyi də belə qənaətə gəlməyə əsas verir ki, Ağ ev savaşda birbaşa maraqlıdır. Artıq ABŞ-ın İsrailə qoşun göndərməsi məsələsi müzakirə olunur.

Müharibə ilə bağlı Türkiyənin də mövqeyi aydındır. Qardaş dövlət müsəlmanları birmənalı şəkildə dəstəkləyir və Qərbi ittiham edir. Bu nöqteyi-nəzərdən savaşın daha çox davam edəcəyi təqdirdə Ankara ilə xüsusilə Vaşinqton arasında münasibətlərin gərginləşməsi gözləniləndir. Hərçənd onsuz da bu dövlətlər "mehriban düşməndirlər".

Müharibəyə ən yaxın vaxtda son qoyulmazsa, digər ərəb dövlətləri, o cümlədən Misir də savaşa qoşula bilər. Bu isə həmin dövlətlərin arxasındakı güclərin də bu və ya digər formada döyüşlərdə iştirak etməsi deməkdir. Beləliklə, H.Fidan və S.Lavrovun proqnozlaşdırdığı regional müharibə başlayacaq.

Son xəbərlər

Orphus sistemi