Xaos və fəlakətlərə səbəb olan “rəngli inqilab”lar: ABŞ-nin əsas dəyəri - ŞƏRH

Xaos və fəlakətlərə səbəb olan “rəngli inqilab”lar: ABŞ-nin əsas dəyəri - ŞƏRH Postsovet məkanında separatizmə son qoyan ilk ölkə kimi tarixə düşən Azərbaycan Cənubi Qafqazda prioritetlərini dünyaya elan etməkdədir. Qonşularla sülh şəraitində yaşamaq, əmin-amanlığa nail olunması və regional inkişafa nail olmaq bu siyasətin təməl pri
Analitika
21 Noyabr , 2023 14:43
Xaos və fəlakətlərə səbəb olan “rəngli inqilab”lar: ABŞ-nin əsas dəyəri - ŞƏRH

Postsovet məkanında separatizmə son qoyan ilk ölkə kimi tarixə düşən Azərbaycan Cənubi Qafqazda prioritetlərini dünyaya elan etməkdədir. Qonşularla sülh şəraitində yaşamaq, əmin-amanlığa və regional inkişafa nail olmaq bu siyasətin təməl prinsiplərini təşkil edir. 30 il Qarabağ münaqişəsinin nizamlanmasına vasitəçilik etmiş Amerika Birləşmiş Ştatları (ABŞ) isə rəsmi Bakının müəyyən etdiyi bu hədəflərə dəstək vermək əvəzinə, ona qarşı çıxır.

Bütün bunlar başadüşüləndir. 2000-ci illərdən postsovet məkanında “rəngli inqilablar”a start verən dövlətdən bundan artıq nəsə gözləmək olmazdı. ABŞ Cənubi Qafqazda Azərbaycanla bağlı istəyinə nail olmadıqda şantaj, hədə-qorxu və çirkin təbliğata üstünlük verməyə başladı. Ən böyük insan haqları pozuntusu - 1 milyon insanın öz ev-eşiyindən, doğma torpaqlarından qovulmasına göz yuman bu dövlət işğalı həyata keçirən separatçılara, onun əsas hamisi Ermənistana dəstək verdi, ona müxtəlif yardımlar ayırdı. Bu, qərəzin, ikiüzlülüyün bariz nümunəsidir.

30 il ikili standartları və riyakar münasibəti öz üzərində hiss edən Azərbaycan, təəssüflər olsun ki, bu gün də bu siyasətlə üzləşib. ABŞ əlaltısı olan Fransa kimi dövlətlərlə birgə hər vəchlə Cənubi Qafqazda sülhə mane olmağa çalışır. Ermənistanı silahlandırıb onu yeni müharibəyə sürükləyirlər. Hər kəsə bəlli ssenari və plan - Afrikadan tutmuş Yaxın Şərqə kimi xaosun yaranmasında bir dövlət varsa, o da ABŞ-dir. İraq, Suriya, Gürcüstan Ukrayna və s. dövlətlər də rəsmi Vaşinqtonun çirkin və dağıdıcı siyasətinin qurbanlarıdır. Növbəti hədəfi isə Ermənistandır.

30 il işğal altında olan torpaqlarını azad etməklə suverenliyini bərpa edən Azərbaycan, əslində, regionda yeni reallıqlar yaradıb. Bunu həzm edə bilməyən, keçmiş Minsk qrupunun həmsədri olan ABŞ ölkəmizə qarşı qondarma dinləmələr keçirdi. Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Qarabağın gələcəyi mövzusunda keçirilən dinləmələrdə dövlət katibinin köməkçisi Ceyms O’Brayn çıxış edərək anti-Azərbaycan bəyanatlar səsləndirdi və Azərbaycana qarşı qərəzli ifadələr işlətdi.

Bununla da erməni lobbisinin təsirindən qurtula bilməyən Birləşmiş Ştatlar əsl mahiyyətini ortaya qoymuş oldu. Bunu bir neçə digər faktlarla da izah etmək olar;

Birincisi, erməni lobbisinin təsirindən qurtula bilməyən Ağ Ev hələ də qəbul etmək istəmir ki, artıq “Dağlıq Qarabağ” deyilən bir yer və ifadə yoxdur. Bu cür ifadələrin verilməsi isə həm Azərbaycana, həm də beynəlxalq hüquqa hörmətsizliyin nümunəsidir.

İkincisi, Azərbaycanın bölgədə, xüsusən də Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlar, müstəqil bir dövlət kimi inkişafımız, güclü və qüdrətli ordumuz ABŞ-ni bu gün də narahat edir.

Üçüncüsü, ABŞ-nin qərəzli münasibəti onun mahiyyətindən irəli gəlir. Bu ölkə postsovet məkanında ancaq və ancaq mənfi fəaliyyəti ilə yadda qalıb. “Rəngli inqilab”lar da buna misaldır. Bu gün Ukrayna xalqı ABŞ-nin maraqlarının qurbanına çevrilib. Nə münaqişə həll olunana oxşayır, nə də ölkənin ərazi bütövlüyü bərpa olunur. Əksinə, Ukrayna xalqı Avropaya səpələnib, xalqın yarısı ölkədən qaçmağa məcbur olub. Başqa bir nümunə isə Gürcüstandır. 2008-ci ildə Gürcüstanı qızışdırıb Rusiyaya qarşı hərbi əməliyyatlara sövq edən amerikalı strateqlər sonda onu yarıda qoydu. Nəticədə rus qoşunları Tbilisinin bir neçə kilometrliyinə qədər gəlib çıxdılar. Gürcüstan hakimiyyəti hələ də ABŞ-nin vəd etdiyi NATO və ya Avropa İttifaqına üzv ola bilməyib.

Dördüncüsü, ABŞ heç bir ölkədə sülhə çalışmır. Məsələn, bu fövqəldövlət açıq şəkildə bəyan edir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Neytrallığını tam itirmiş bir dövlətə çevrilib.

Beləliklə, Birləşmiş Ştatlar 30 il əvvəl olduğu kimi, yenə də riyakar və qərəzli mahiyyətini ortaya qoyur. İşğalçı dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoymayan, separatçılığa dəstək verən Vaşinqton unudur ki, bölgədə birtərəfli formada Ermənistanı müdafiə etməklə ciddi səhvlərə yol verir. Ən əsası, ABŞ bu siyasətlə Azərbaycanla münasibətləri strateji səviyyəyə yüksəldən Türkiyə kimi qüdrətli dövlətə qarşı çıxır. Onun siyasətinin əsas istiqamətlərindən biri də Azərbaycanı təxribata çəkmək, ona göstərilən yardımı kəsməkdir. Amma unudur ki, müstəqil siyasət yürüdən, özü donor ölkəyə çevrilən dövlətimizin buna ehtiyacı yoxdur. Odur ki, bu cür riyakar tədbirlər Azərbaycan üçün heç bir məna daşımır. Vaşinqtonda oturub yaxın perspektivi fikirləşən “strateqlər” də bunu anlasalar, yaxşı olardı!

Son xəbərlər

Orphus sistemi