Xankəndinin mərkəzində Arayik və Qurqenin yeni şousu - ŞƏRH

Xankəndinin mərkəzində Arayik və Qurqenin yeni şousu - ŞƏRH İyulun 13-də Ermənistan mətbuatında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında iyulun 15-də üçtərəfli görüşün keçiriləcəyi barədə xəbər yayıldı. Daha əvvəl isə avropa
Analitika
14 İyul , 2023 15:09
Xankəndinin mərkəzində Arayik və Qurqenin yeni şousu - ŞƏRH

İyulun 13-də Ermənistan mətbuatında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında iyulun 15-də üçtərəfli görüşün keçiriləcəyi barədə xəbər yayıldı. Daha əvvəl isə avropalı və amerikalı rəsmilər keçiriləcək görüşdən gözləntiləri barədə müxtəlif açıqlamalar vermişdilər. Hətta Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da rəsmi Moskvanın müsbət nəticə əldə edilən istənilən görüşü dəstəklədiyini söyləmişdi. Eyni zamanda ABŞ rəsmiləri müxtəlif görüşlərdə müəyyən irəliləyişlərin əldə edildiyini, çox yol qət edildiyini bəyan edərək müsbət siqnallar göndərərək 15 iyul görüşündən müsbət nəticə gözlədiklərini bildiriblər.

Elə dünən bu xəbər yayıldıqdan sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin separatçı liderləri əl-ayağa düşdülər. Özünü qondarma qurumun “dövlət naziri” sayan Qurqen Nersisyan, “prezident” Arayik Arutyunyan, keçmiş "xarici işlər naziri" Samvel Babayan, özünü separatçıların ombudsmanı elan edən Qeqam Stepanyan bu gün saat 09:00 radələrinə Xankəndinin mərkəzindəki İntibah meydanında mitinq təyin etdilər.

Danışıqlara bir gün qalmış belə bir mitinqin təşkili bir sıra mətləblərdən xəbər verir. Belə bir aksiya dünya ictimaiyyətinin diqqətini cəlb etmək, yenə də “blokada” nağılları ilə Qərbin və müəyyən dairələrin dəstəyini qazanmağa cəhd etmək, N.Paşinyanla A.Arutyunyan arasında yaranan uçurumu daha da dərinləşdirmək, danışıqları baltalamaq, kölgə salmaq məqsədini güdür. Onsuz da bir müddətdir onlar arasında münasibətlər pisləşir. Çünki Ermənistanın baş naziri Qarabağ ermənilərini rəsmi Bakı ilə danışıqlara getməyə məcbur edir. Rəsmi Bakının isə bu məsələdə mövqeyi məlumdur: inteqrasiya və Azərbaycan vətəndaşlığı, digər Azərbaycan vətəndaşları kimi hüquqların və təhlükəsizliyin qorunması.

Arayik və komandasının kürkünə birə salan isə məhz Azərbaycanın rəsmi mövqeyidir. Çünki inteqrasiya prosesinə start verildikdən sonra Arayik və komandası məhkəmə qarşısında müharibə cinayətlərinə görə cavab verməli olacaqlar. Bu prosesin olacağı gün kimi aydındır. Arayik və komandası isə bu prosesi mümkün qədər uzatmaq, məhkəmə məsuliyyətindən, cinayətkar kimi ittiham olunmaqdan yaxa qurtarmaq üçün bir sıra dönməz dalanlara baş vurmaqda davam edir. Amma bir daha qeyd etmək yerinə düşər ki, həmin gün elə də uzaqda deyil. Arayik və komandası Azərbaycan ədaləti qarşısında törətdikləri cinayətə görə cavab verəcəklər.

Hadisələr bununla da bitmir. Elə dünən Ermənistan mətbuatında Xankəndi şəhərində fəaliyyət göstərən ərzaq dükanları ilə bağlı fotoreportajlar silsiləsinə start verildi. Əvvəlcədən planlaşdırılmış kimi, dükanları boş göstərmək, ərzaq qıtlığı və insanların aclığı təəssüratını yaratmaq üçün bu platformadan istifadə edilib. Analarının səhlənkarlığı ucbatından iki azyaşlı körpənin ölümü isə bu kampaniyanın duzu-bibəri oldu. İki azyaşlı körpənin ölümündə əsas amil ana səhlənkarlığı olsa da, erməni təbliğat maşını bu məsələdə də “blokada” söhbətini şişirtməyə başladı. Ermənistanın XİN başçısı Ararat Mirzoyan erməni həyasızlığı nümayiş etdirərək bununla bağlı tvit paylaşdı. Amma Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirib və sarsılmaz faktlarla Mirzoyanı aciz vəziyyətə salıb:

“Birincisi, yerli polis valideyn tərəfindən nəzarətsiz qaldıqlarına görə 2 uşağın səhlənkarlıq və maşındakı yüksək temperatur nəticəsində yuxuda olarkən öldüyünü təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil.

İkincisi, Laçın keçid məntəqəsi işləyir, lakin ümumilikdə onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur.

Üçüncüsü, Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın keçid məntəqəsini qeyd etməklə, guya Qarabağda ərzaq qıtlığı varmış kimi yanıltmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür”.

Yayılan videogörüntülərdə Xankəndi restoranında təşkil edilən yeyib-içmək məclisi və bol süfrə görünür.

Bu gün isə Xankəndi şəhərində Arayik və Qurqenin şousuna start verilib. Mitinq keşiş Nerses Asryanın duası ilə başlayıb. Erməni keşişin mitinqdə olması və sərsəm açıqlamaları isə kilsə ilə Paşinyan arasında yaranan uçurumun daha da dərinləşməsindən xəbər verir. Sirr deyil ki, uzun müddətdir erməni kilsəsi ilə Nikol Paşinyan arasında gizli savaş gedir. N.Paşinyan 2018-ci il “inqilab”ından sonra kilsənin bir sıra imtiyazlarını ləğv edib, kilsəni dövlət işlərinə qarışmaqda ittiham edib. Tərəflər arasında savaş o həddə çatıb ki, Ermənistan dərsliklərində kilsə tarixi ilə bağlı hissə çıxarılıb. Erməni kilsəsinin rəhbərliyi isə artıq açıq-aşkar baş nazir və iqtidara qarşı fəaliyyətə keçib. Hətta kilsə tərəfindən “bizə adam lazımdır, bizə lider lazımdır” açıqlaması da səsləndirilib. Nikol Paşinyan isə kilsənin bu tipli açıqlamalarından sonra daha da sərtləşərək kilsə nümayəndələrinə qarşı cinayət işinin açılmasını təşkil edir, kilsəni Robert Köçəryanı ölkədən qaçırtmağa cəhddə ittiham edir.

Bütün bu hadisələrin fonunda isə Xankəndidə daha bir hadisə qeydə alınıb. Qondarma rejimin təhlükəsizlik şurasının keçmiş sədri Vitali Balasanyan həbs edilib. O, Qarabağ erməniləri arasında nüfuza malik şəxs sayılır. Eyni zamanda Qarabağ erməniləri adından danışıqlarda iştirak edəcək şəxslər arasında Vitali Balasanyanın adı çox hallanırdı. Brüssel görüşü ərəfəsində Balasanyanın həbsi Arayikin növbəti hadisələrə hesablanmış addımı kimi qiymətləndirilə bilər. Çünki Brüssel görüşündə Qarabağ erməni icması ilə rəsmi Bakı arasında danışıqlarla bağlı müəyyən irəliləyişlərin əldə ediləcəyi güman edilir. Bu isə Arayiki narahat etməyə bilməzdi. Balasanyanın Qarabağ erməniləri arasında nüfuzunu nəzərə alsaq, belə danışıqların inteqrasiya prosesini sürətləndirəcəyini güman etmək olar. Elə bu səbəbdən də görüş öncəsi Vitali Balasanyanın həbs edilməsi təsadüf sayıla bilməz. Ermənistan KİV-lərinin xəbərinə görə, general Vitali evində həbs edilib, ona qarşı çirkli pulların yuyulması, dövlət nümayəndəsinə qarşı zorakılıq maddələri ilə cinayət işi açılıb. Eyni zamanda Balasanyanın oğlu və digər qohumları da həbs edilib.

Yuxarıda sadalanan faktlar Qarabağ regionunda Arayik Arutunyanın və cinayətkar dəstəsinin yeni oyuna başlamasından xəbər verir. İlk olaraq, Azərbaycan və Ermənistan arasında keçirilən görüşlərə ziyan vurmaq, prosesi ləngitmək cəhdi bu dəstənin əsas məqsədlərindən bəlkə də birincisidir. Çünki zaman daraldıqca bu şəxslərin cinayətkar kimi ömürlərini dəmir barmaqlıqlar arxasında keçirəcəkləri gün yaxınlaşır. Bu hal isə Arayik və komandasının yuxusunu ərşə çıxarır. Bundan qurtulmaq və ya bu prosesi ləngitməyin yolu üçün isə planlaşdırılmış şəkildə danışıqları ləngitmək, inteqrasiya prosesinə mane olmaq, Qarabağ əhalisinin aclıqdan əziyyət çəkdiyi barədə nağılı dünyaya car çəkməkdən keçir. Arayik və komandasının belə ucuz şoulara əl atmaqları, görünür, hansısa dairələrin işinə yarayır. Belə direktivlərlə sülh prosesini ləngitmək isə yaxşı nəticələnməyəcək. Çünki Arayik və cinayətkar dəstəsinin Azərbaycan ədaləti qarşısında cavab verəcəyi gün yaxınlaşır…

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi