Xankəndidən dünyaya mesaj: Azərbaycana qarşı məkrli davrananlar uduzacaq - ŞƏRH

Xankəndidən dünyaya mesaj: Azərbaycana qarşı məkrli davrananlar uduzacaq - ŞƏRH Azərbaycan Prezidenti İlham Əliyev dünən Xankəndidə idi. Dövlət başçısı Qarabağda Novruz tonqalını alovlandırıb, xalqı təbrik etdi. Ölkə lideri bununla dördüncü dəfə idi ki, bayram tonqalını azad edilmiş ərazilərdə qeyd edirdi.
Analitika
19 Mart , 2024 15:33
Xankəndidən dünyaya mesaj: Azərbaycana qarşı məkrli davrananlar uduzacaq - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev dünən Xankəndidə Novruz tonqalını alovlandırdı. Dövlət başçısı bununla dördüncü dəfə idi ki Novruz bayramını işğaldan azad edilmiş ərazilərdə qeyd edirdi.

Öncə onu deyək ki, Prezidentin bayram tonqalını Qarabağda qalaması özü simvolik və əhəmiyyətli hadisədir. Bu, həm Ermənistana, həm də dünyaya mesajdır; Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdıb və bu reallıq dəyişməyəcək.

Dövlət başçısı xalqı təbrik nitqində mühüm məqamlara toxundu. Onun çıxışında ən diqqətçəkən məqamlardan biri Ermənistanın İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs çıxarmamasına dair idi: “Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı”.

Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra öz qanunsuz silahlı birləşmələrini torpaqlarımızda əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma Dağlıq Qarabağ Respublikasını yaşatmaq istədiyini xatırladan dövlət başçısı diqqətə çatdırıb ki, bütün bunlar beynəlxalq hüquqa və ən əsası, Azərbaycan xalqının iradəsinə ziddir.

Məsələ ondan ibarətdir ki, Ermənistan bu gün də ikili oynayır. Baş nazir Nikol Paşinyan və digər rəsmilər sülh prosesində səmimi olduqlarını söyləsələr də, bunu təsdiqləyəcək əməli addımlar atmır, siyasi iradə nümayiş etdirə bilmirlər. Üstəgəl, rəsmi İrəvan zaman-zaman hərbi-siyasi təxribatlar törədir. Mövcud Ermənistan iqtidarı kənar güclərin təhriki və təzyiqi ilə addımlar atır. Həmçinin, Ermənistanda revanşist cəhdlər də hiss olunmaqdadır.

Bütün bunlar onu göstərir ki, müharibədən sonrakı antiterror əməliyyatları da Ermənistan üçün dərs olmayıb. Çünki İrəvan hələ də hansısa şərtlər irəli sürməyə çalışır. Ermənistan məhz üçüncü tərəflərin təsiri altındadır. Azərbaycan isə nəinki regional, həm də beynəlxalq miqyasda öz müstəqil siyasətini yeridir.

İlham Əliyev çıxışında bu məqama da toxundu. O söylədi ki, bu gün Azərbaycan dünyada müstəqil siyasətə malik nadir ölkələrdəndir: “Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır”.

Bu gün dünyada ciddi kataklizmlər baş verir. Şərqlə Qərb arasında açıq-aydın mübarizə gedir. Belə bir şəraitdə rəsmi Bakı həm Şərq, həm də Qərblə münasibətlərini qoruya bilir. Bu, təkcə Azərbaycanın diplomatik uğuru deyil. Bu, həm də o deməkdir ki, Bakı hər iki tərəf - Şərq və Qərb üçün vacib tərəfdaşdır.

Azərbaycanın müstəqil siyasətə və güclü iqtisadiyyata malik olması dövlətin qüdrətini hər gün artırır. Ölkə liderinin Xankəndidəki çıxışında dediyi kimi, bundan sonra hər kəs Azərbaycanla hesablaşmalıdır. Əlbəttə, bu, təkcə Ermənistana yox, həm də onun havadarlarına, İrəvandan maşa kimi istifadə etmək istəyənlərə mesaj idi.

Beləliklə, Prezident İlham Əliyev martın 18-də Qarabağdan çox mühüm mesajlar verdi. Bu mesajlardan həm Ermənistan, həm də bölgədə “suları bulandırmaq” həvəsində olanlar dərs çıxarmalıdır. Əks halda, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla tərəfdaşlıq imkanlarından məhrum olacaqlar. Bir sözlə, destruktiv davranış İrəvanın regiondakı mövqelərinin zəifləməsi, ona havadarlıq edənlərin isə bölgə ilə bağlı planlarının puç olmasına səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi