Azərbaycan Respublikasında prezident seçkiləri keçirilir. Bu siyasi kampaniya milli dövlətçilik tarixində Qarabağ işğaldan azad edildikdən sonra ilk dəfə reallaşdığı üçün tarixi də adlanır.
Dövlət başçısı və prezidentliyə namizəd İlham Əliyev, ailə üzvləri Xankəndidə səs verib. Bu, dövlətçilik baxımından çox önəmli bir addımdır. Prezident işğaldan azad olunmuş ərazilərdə mühüm siyasi kampaniya keçirməklə bölgədə Azərbaycan Konstitusiyasının bərpa edildiyini bir daha nümayiş etdirdi. Bu, son zamanlar Azərbaycana qarşı təxribat aparmaq istəyənlərə də bir ismarışdır. Prezident bununla bölgəyə köçürülən sakinlərin təhlükəsizliyinin təmin olunduğunu da isbatlayıb.
Ölkədə keçirilən seçkilərdən bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasında (AŞPA) anti-Azərbaycan çıxışlar bu siyasi kampaniyaya qarayaxmalar olacağını istisna etmirdi.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı müzakirələrin təşəbbüskarı olan almaniyalı deputat Frank Şvabenin çıxışını yada salmaq kifayət edər.
Şvabe seçkilər bitməmiş onun üzərinə kölgə salaraq, bu siyasi kampaniyanı “saxta” adlandırıb. Halbuki, proses başa çatmadan ona qiymət vermək məntiqə sığmır, qərəzdən xəbər verir.
Onlardan biri də Rasmus Kanbekdir. Bu özündən müştəbeh jurnalist vaxtı ilə “Dağlıq Qarabağdan ötrü yavaş-yavaş ölürəm” yazmaqla ölkəmizə qarşı təbliğat aparırdı. Onun anti-Azərbaycan yanaşması seçkilərlə bağlı “rəyində” də özünü göstərib. İsveçli jurnalist Rasmus Kanbek anti-Azərbaycan hikkəsini seçkilərlə bağlı bildirib. O, bu siyasi kampaniyanı “teatr” adlandırıb.
Başqa birisi Lindsi Snelldir. ABŞ-dən olan bu jurnalist Yaxın Şərqə dair yazıları ilə tanınır. Suriya-Türkiyə sərhədini pozduğu üçün 2021-ci ilin aprelindən 67 gün Türkiyədə həbsdə saxlanılıb. Bu ölkənin KİV-i onu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olmaqda ittiham edirdi. Lindsi Snell indiki Ermənistan ərazisində vaxtı ilə Azərbaycan türklərinin yaşadığına və o torpaqların onlara məxsus olduğuna ironiya ilə yanaşanlardandır. O da digər ermənisevərlər kimi Azərbaycana qarşı hikkəsini gizlədə bilməyib. Seçkilərin nəticələrindən bəhs etməklə falabaxanlıq edib.
Seçkilər başa çatmamış onun kimi Azərbaycana qarşı olanlar qutular açılmadan qərəzə start veriblər. Təsadüfi deyil ki, bu dəstənin arasında erməni etnik qrupunun nümayəndələri də az deyil. Tatevik Hayrspetyan, Açren Verdiyanın adını nümunə olaraq göstərmək olar.
Elə AŞPA-da da anti-Azərbaycan çıxışların arxasında erməni təbliğatının dayandığı sirr deyil. Onlar bununla özlərini demokratiya fədaisi kimi göstərməyə çalışırlar. Bu tip təbliğatçılar Azərbaycan cəmiyyətinə 44 günlük müharibə və bir sutkalıq antiterror tədbirləri zamanından tanışdır. Onlar Fransa başda olmaqla, bəzi Avropa ölkələrinin KİV-ində öz torpaqlarını işğaldan azad edən Azərbaycanı şərləyir, onu “işğalçı” adlandırırdılar.
İndi onların Azərbaycanda keçirilən taleyüklü siyasi kampaniyaya ədalətli yanaşması mümkünsüzdür. Bu qüvvələr Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər daxil olmaqla işğaldan azad edilən bütün rayonlarda seçki məntəqələrinin fəaliyyət göstərməsini qəbul edə bilmirlər. Azərbaycana, onun liderinə qarşı kin, hikkə və nifrətini boğa, reallığı qəbul edə bilmədiklərindən ölkədən minlərlə kilometr uzaqda seçkilərin gedişi ilə bağlı rəy yazırlar. Onların yazdıqları və yaydıqları rəylərin də əsasında bu emosional vəziyyət durur. Azərbaycan üçün yaxşı və pisi, dost və düşməni tanımaq üçün meyar, məhək daşı var. Ölkə ictimaiyyəti onları tanımaq üçün həmin ölçü vasitələrindən istifadə edir. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra onu müdafiə edən, dəstəkləyənləri özünə dost və yaxın bilir.
Çünki onlar Azərbaycanın dar günüdə yanında olublar. Ancaq xaricdə oturub özlərini demokratiyanın Çe Gevarası kimi aparanlar işğal dövrü zamanı ölkəmizə qarşı danışanları xatırladır. Həmin illərdə Azərbaycanın yerləşdiyi bölgəni xəritədə belə göstərmək qabiliyyəti olmayan bir sıra ölkələrin parlament üzvləri təcavüzkar Ermənistanın halına acıyırdı. Belələrinin fəaliyyəti nəticəsində “907 saylı düzəliş” qəbul olundu. Bu, Vaşinqton-Bakı münasibətlərinin inkişafına mane ola bilməsə də, tarixdə pis örnək olaraq qaldı. İndi həmin qüvvələr prezident seçkilərinin gedişinə “münasibət” bildirir.
Yeri gəlmişkən, növbədənkənar prezident seçkisini 7 beynəlxalq və regional təşkilat müşahidə edir: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı (TDT), Qoşulmama Hərəkatının Gənclər Təşkilatı (QHGT). Bundan başqa minlərlə yerli müşahidəçilər və sair də bu prosesi izləyir.
Azərbaycanı xəritədə tapa bilməyənlər uzun illər danışdı, danışdı, ancaq torpaqlar işğaldan azad olundu. Onların arzuları ürəklərində qaldı. Azərbaycan bundan sonra da bütün bölgələrində, o cümlədən Xankəndi, Şuşa da daxil olmaqla Qarabağda, işğaldan azad edilmiş və azad olunacaq daha neçə-neçə bölgələrdə bələdiyyə, parlament və prezident seçkiləri keçirəcək. Demokratik yolla inkişaf edib, Cənubi Qafqazın bu sahədə də aparıcı örnək dövləti, cəmiyyəti olduğunu göstərəcək. Yaşasın demokratiya, yaşasın Azərbaycan!