Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klar tviter hesabında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı paylaşım edib. Hər zaman olduğu kimi, avropalı siyasətçi tərəflər arasında dialoqun vacibliyindən, təmsil etdiyi təşkilatın Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşü səbirsizliklə gözlədiyindən bəhs edib. Amma nədənsə bu dəfə T.Klar 2-3 cümləlik tviti Ermənistanda zəlzələ effekti yaradıb. Məsələ burasındadır ki, avropalı diplomat Xankəndi sözündən istifadə edib. Ermənistan siyasi arenasında isə pəpə deyəndən məmə yeyənə qədər hər kəs bu tviti “haqsız” sayıb. Hələ bu da azmış kimi, T.Klar ünvanına daha bir tənqid Qərbdən, elə onun həmkarından gəlib. Avropa Parlamentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə alt komitəsinin sədri Natali Luazo həmkarına sərt cavab verib.
Ümumiyyətlə, N.Luazonun Azərbaycan əleyhinə dəfələrlə bəyanat səsləndirdiyini nəzərə alsaq, bu cavab gözlənilən idi. Avropadakı erməni diasporu ilə münasibətləri olan və fransızəsilli N.Luazonun Fransanın “kiçik bacısı” sayılan Ermənistanı “müdafiəsi” bu dəfə əndazəni aşıb. Çünki diplomatiya elə bir sahədir ki, burada tarixi biliklərə sahib olmaq mütləqdir. Fransız siyasətçi isə elə açıqlamasından da göründüyü kimi, nə tarixdən, nə siyasətdən, nə də Azərbaycanın son illər artan nüfuzundan, Qarabağ iqtisadi rayonunda baş verənlərdən məlumatı var. Görünür, Luazo “kiçik bacı” mediasının dezinformasiya və qarayaxma kampaniyaları ilə dolu yazılarından başqa heç bir məlumata sahib deyil.
Qısa arayış: Xankəndi şəhəri
Bu yuxarıda sadalanan tarixi faktı bilmək üçün azərbaycanlı olmağa ehtiyac yoxdur. N.Luazo bir şəhərin adını hallandıranda, heç olmasa, 1 dəqiqəsini ayırıb google axtarış sisteminə baxsaydı, belə kobud səhvə yol verməzdi. Ümid edək ki, o, gələn dəfə belə siyasi səhvlərə yol verməyəcək.
Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan siyasi arenasında Toivo Kların tvitindən sonra meşşan xislətli politoloqlar açıqlama vermək üçün sıraya durublar. Bəziləri daha da irəli gedərək, avropalı diplomatın Ermənistanın baş naziri Nikol Paşinyanla gizli anlaşmasının olduğunu, bəyanat səsləndirildikdən sonra XİN-in heç bir şikayət göndərmədiyini bildiriblər.
Amma onlar T.Kların diplomat olduğunu unudurlar. Diplomat isə açıqlamalarında, bəyanatlarında beynəlxalq hüququ, xəritələri, razılaşmaları diqqətə almalı, yazdığı cümlələri saf-çürük etməlidir. Sadəcə erməni cəmiyyəti ara-sıra erməni diasporundan “qidalanan” bəzi avropalı diplomatların sərsəm açıqlamalarından eyforiyaya qapılaraq, eyni tipli bəyanatları hamıdan gözləyir. Bəyanat gəlməyəndə isə, qaralama və qarayaxma kampaniyasına start verilir. Erməni siyasi mühitinin lakey xislətli politoloq və rəsmiləri sözügedən şəxsə çirkab atmaq üçün dəridən-qabıqdan çıxırlar.
Erməni siyasətçi və politoloqların açıqlamalarını oxuyanda insanda belə bir təsəvvür yaranır ki, bütün dünya ermənilərə borcludur. Bütün dünya Ermənistana yardım etməli, onun əvəzinə döyüşə girməli, problemlərini həll etməlidir. Acınacaqlı hal odur ki, erməni cəmiyyəti də bu zəhərli fikrə mübtəla olub, hamını özünə borclu sayır. Ermənistanda aparılan sorğuların böyük əksəriyyətində adi xalqın nümayəndələri baş verənlərdə gah Rusiyanı, gah Qərbi, gah da bütün dünyanı günahlandırır. Amma zəhərli və zərərli erməni siyasətinin baş verənlərin əsas səbəbi olduğu nədənsə heç bir hayın ağlına gəlmir. Bunun səbəbi isə yüzillər boyu aparılan yanlış təbliğat, kilsənin şişirdilmiş bəyanatları olub. Ümumiyyətlə, erməni cəmiyyəti sağalmaz xəstəliklə pəncələşir, özünü bütün millətlərin, sivilizasiyaların fövqündə sayır.
T.Kların paylaşımından sonra xortlayaraq özünü məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində hiss edənlərdən biri də Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adontsdur. O bildirib ki, Aİ-nin Ermənistandakı missiyası regionda təhlükəsizliyin möhkəmləndirilməsində heç bir rol oynaya bilməz. Missiyanın məqsədi İran və Rusiyaya görədir. Görəsən, A.Adonts bu fikri səsləndirəndə aylarla Ermənistan XİN və rəsmi qurumların Aİ missiyası ilə bağlı açıqlamalarını, bəyanatlarını oxuyubmu? İstər XİN istər Ermənistanın rəsmi dövlət qurumları dəfələrlə açıqlama verərək Aİ-nin missiyasının regionda təhlükəsizliyin möhkəmləndirilməsində rolunu ağızdolusu tərifləyiblər. Adonts isə açıqlaması ilə Ermənistanın rəsmi mövqeyi bir-birinə ziddiyyət təşkil edir.
Bununla yanaşı, erməni diplomat etiraf edib ki, Xankəndi termini Aİ bəyanatlarında dəfələrlə istifadə edilib. Keçmiş nazir müavini bu cür yanaşmanın səbəbini bu yaxınlarda Avropa diplomatiyasının rəhbəri Josep Borrell Ermənistan hakimiyyətinin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazır olduğunu və Aİ-nin heç nə edə bilməyəcəyi ilə izah edib.
Erməni cəmiyyətində son iki gün ərzində baş verən təlatümün səbəbi təkcə Toivo Kların açıqlaması deyil. Zəlzələnin əsas maqnitudası Ermənistanın ictimai televiziyasında qondarma “Artsax respublikası” terminindən imtina sayılır Ermənistanın ictimai televiziyası xəbərlərinin yayımlanması zamanı eksklüziv olaraq Dağlıq Qarabağ terminindən istifadə edilir. Bu isə erməni siyasi mühitində etiraz dalğasına səbəb olub. Hətta özünü Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin ombudsmanı sayan Qeqam Stepanyan da şalvarının ətəklərini başına çəkərək açıqlamalar verib. Birincisi, Qarabağ iqtisadi rayonu beynəlxalq hüquq normalarına görə, Azərbaycanın ayrılmaz hissəsidir. Bunu bütün dünya ilə yanaşı erməni siyasi elitası da etiraf edir. O zaman Qeqam Stepanyan kimin ombudsmanıdır? Bildiyimiz qədər rəsmi Bakı Qeqamı ombudsman təyin etməyib. Azərbaycanlıların ombudsmanı Səbinə Əliyevadır. İkincisi, Ermənistan ictimai televiziyası düzgün mövqe tutaraq qondarma Artsax Respublikası terminindən imtina edib. Bunu anlamaq üçün isə yaxın tarixə, yəni 2020-ci il müharibəsindən sonrakı siyasi vəziyyətə, erməni rəsmilərinin açıqlamalarına baxmaq kifayət edir. Yəqin Qeqam Stepanyan siyasi “şüvən”qaldıraraq Avropadakı havadarlarına mesaj ötürür, onları hərəkətə gətirmək üçün dəridən-qabıqdan çıxır.
Qeqam Stepanyana səs verənlərdən biri də özünü qondarma rejimin deputatı sayan Metakse Akopyandır. Metakse Akopyan da açıqlamasında "Artsax Respublikası" terminindən imtinanı sərt şəkildə tənqid edib. Amma sifətinə iki kilo ənlik-kirşan sürtərək gözlərini süzdürə-süzdürə açıqlama verən Metakse unudur ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Azərbaycan Milli Məclisinə deputat seçilməyib və onun Qarabağdakı erməni əhali adından danışmağa, açıqlama verməyə heç bir hüququ yoxdur. Eyni zamanda bu açıqlamanın beynəlxalq hüquqa, normalara zidd olduğunu nəzərə alsaq “xanım” Akopyanın özünü necə rəzil duruma saldığı göz önündədir.
Qısa arayış: "Qafqaz tarixi" mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqlari İnstitutunun baş elmi işçisi, Rizvan Hüseynovun sözlərinə görə, "Arsak və ya Arsax - Azərbaycan ərazisindəki qədim türk tayfalarına, yəni saklara məxsus qədim toponimdir. O, Ərsak və ya Ərşak sülaləsinin adından götürülüb. Bu adın mənası "igid sak", "ər sak", "sak kişisi" deməkdir. Bu sülalənin mənşəyinə baxanda onların Turandan, Türküstandan çıxdığını görərik. Ərsaklar b.e-nın 3-5-ci əsrlərində Pəhləvi, yəni Parfiya imperiyasının hökmdarları olublar. Onlar böyük bir ərazisi olan dövlət yarada bilmişdilər. Həmin dövlət həm Qafqazın bir hissəsini, həm də tarixi Ermənistanı, yəni Asiyada, hazırki Türkiyə ərazisində olan Ermənistanı da əhatə edirdi. İndiki Şəki şəhərinin adı da həmin tayfanın adı ilə bağlıdır. Yəni ərsak, sak və ya şaklar, şakaşenlər eyni tayfadılar. Saklar isə türk tayfası olub. Əgər orta əsrlərdə Qandzasarda və digər alban kilsələrdəki yazılara nəzər salsaq, orda da bu Arsak sözünə rast gəlmək olur. Ermənilər isə Arsakı dəyişib "Artsax" deyirlər. Amma həmin qədim mənbələrdə nə Hayastan, nə Ermənistan və ya Armenia sözlərinə rast gəlinir. Dağlıq Qarabağın adını "Artsax"a dəyişmək də əslində dünya ictimaiyyəti və hüquq üçün heç bir şey ifadə etmir. Bu addım sırf daxili auditoriyaya yönəlib.
Məncə bu qısa arayışı erməni dilinə tərcümə edib ara-sıra Qarabağla, Xankəndi ilə bağlı sərsəm açıqlamalar verən meşşan təbiətli erməni siyasətçilərə əzbərlətmək lazımdır. Bəlkə bu əzbərdən sonra tarixi həqiqətləri təhrif etmək, dünyaya rəzil olmaqdan əl çəkərlər…
Kamil Məmmədov