Bakı. 28 sentyabr. REPORT.AZ/ Avqust və sentyabr aylarında Azərbaycanın daxili və xarici siyasəti, hərbi, mədəni və idman həyatı çox qaynar keçib.
Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 10-da Azərbaycanda rəsmi səfərdə olub, iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı keçirilib və Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.
Almaniya kansleri Angela Merkel Cənubi Qafqaza səfəri çərçivəsində avqutsun 25-də Bakıda olub, ikitərəfli və regional məsələləri müzakirə edib.
Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.
İsralin müdafiə naziri Aviqdor Liberman sentyabrın 13-də Azərbaycana gəlib. Yeri gəlmişkən, onun ölkədə bir neçə gün qalmasından qonşu dövlətlər narahatlığını gizlətməyib. Xüsusi ilə isralilli nazirin Ermənistana getməməsi bu ölkənin KİV-ində həyəcan və narahatlıqla qeyd edilib.
Sentyabrın 15-də Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunan parad keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak etmək üçün Azərbaycanda səfərdə olub.
Avstriyanın vitse-kanlseri Haynts-Kristian Ştraxe sentyabrın 18-də Bakıda bir sıra rəsmi görüşlər keçirib, energetika məsələsi ilə bağlı müzakirələr aparıb.
NATO Baş katibinin müavini Rouz Qottemüller və Atlantik alyansın Parlament Assambleyasının sədri Paolo Alli sentyabrın 20-də Azərbaycanda səfərdə olub, ölkə rəsmiləri ilə əməkdaşlıqdan, bölgədəki və dünyadakı problemlərdən danışıblar.
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 24-də Bakıya səfər edib.
Sentyabrın 25-26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İtaliyada rəsmi səfərdə olub.
Sentyabrın 20-27-də Bakıda Cüdo üzrə dünya çempionatı keçirilib.
Bu yarışın sonucu gününü Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Rusiya Prezidenti Vladimir Putin və Monqolustanın dövlət başçısı Xaltmaaqiyn Battulqa da izləyiblər.
Sentyabrın 27-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda səfərdə olub. Səfər Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə sentyabrın 1-də Soçidə keçirdiyi ikitərəfli görüş zamanı etidiyi dəvət əsasında baş tutub.
Azərbaycan və Rusiya prezidentləri arasında görüşlərin intensiv xarakter daşıması həm də iki ölkənin münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricisidir. Bakı-Moskva iqtisadi-ticarət əlaqələri də bunu təsdiqləyir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Soçi səfərində tərəflər arasında bir çox sahəni əhatə edən 16 sənəd imzalanmışdı. Azərbaycanla Rusiya arasında ötən il əmtəə dövriyyəsi, təxminən, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Soçi danışıqlarının yekunlarına dair iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə aid təsdiqlənmiş 5 “yol xəritə”si əmtəə dövriyyəsini daha da artırmağa, inteqrasiya əlaqələrini intensivləşdirməyə imkan verəcək. Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçib.
Tərəflər arasında energetika sahəsində də əməkdaşlıq inkişaf edir. Soçidə əldə edilmiş razılığa əsasən, Rusiya və Azərbaycan “Qoşadaş” bloku və Xəzərin dibinin Azərbaycana aid hissəsində, Abşeron yarımadasının şimalında neft və qaz potensialının öyrənilməsi ilə birgə məşğul olacaqlar.
Rusiya Azərbaycan iqtisadiyyatında yalnız “Qazprom”, “LUKOYL”, “Transneft” kimi energetik şirkətləri ilə deyil, eyni zamanda, “KamAZ”, dərman pereparatları istehsalı ilə məşğul olan “R-Farm” müəssisələri ilə də təmsil olunur.
Azərbaycan terrora qarşı mübarizədə fəallıq göstərən dövlətlərdəndir. Rəsmi Bakı bu istiqamətdə Kremllə geniş əməkdaşlıq edir. Azərbaycanın Rusiya ilə münasibətləri beynəlxalq terrorçuluğa qarşı mübarizəyə də öz töhvəsini verməkdədir. İki ölkə arasında Suriyada aparılan antiterror əməliyyatlarında qarşılıqlı əməkdaşlığı mövcuddur.
Rəsmi Bakı regional əməkdaşlığa diqqəti artırmaqdadır. Azərbaycanın Türkiyə, Rusiya, İran, Gürcüstan və Pakistanla üçtərəfli və dördtərəfli əməkdaşlığını buna nümunə göstərmək olar. 2016-cı ildən Azərbaycan-Rusiya-İran arasında sammit keçirilir. Yeri gəlmişkən bu formatda növbəti görüş bu ilin sonunda Moskvada keçiriləcək.
Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimə qatılıb və çıxış ediblər.
Prezident İlham Əliyev 2010-cu ildən başlayaraq, keçirilən forumun əhəmiyyətindən danışaraq, Rusiya Prezidenti ilə davamlı görüşdüyünü vurğulayıb: “Bu, IX forumdur. Gələn il yubiley forumu olacaq. Biz şadıq ki, ilk forum 2010-cu ildə Azərbaycanda keçirilib. Bununla da çox fəal regionlararası əməkdaşlığa təkan verilib. Min nəfər tutan bu salonun tamamilə dolması bu foruma nə qədər böyük maraq olduğuna dəlalət edir”.
Dövlət başçısı rusiyalı həmkarı ilə müntəzəm görüşdüklərindən bəhs edərək, son 5 ildə Vladimir Putinin Azərbaycana 4 dəfə səfər etdiyini vurğulayıb: "Qeyd etməliyəm ki, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin son 5 il ərzində 4-cü dəfədir ki, Azərbaycanda olur. Mən də müntəzəm olaraq Rusiyaya səfər edirəm, bu da bizim tərəfdaşlığımızın, ölkələrimiz arasında dost, mehriban qonşuluq münasibətlərinin parlaq sübutudur".
Qeyd edək ki, bu ilin 4 ayı ərzində Azərbaycan və Rusiya prezidentləri 4 dəfə görüşüblər.
Azərbaycan Prezidenti iki ölkə arasında iqtisadi, ticarət, sosial, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndiyini vurğulayıb: “Hələ başa çatmamış 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib”.
Mədəni və humanitar sahədə əlaqələrə diqqət çəkən Prezident İlham Əliyev oktyabrda Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Humanitar Forum keçiriləcəyini bildirib: “Bu, beynəlxalq forum artıq humanitar xarakterli məsələlərin, mədəniyyətlərarası dialoqun, konfessiyalararası münasibətlərin müzakirəsi üçün mühüm qlobal meydana çevrilib. Azərbaycanda tədrisin rus dilində aparıldığı 341 məktəb, Rusiyanın aparıcı ali təhsil ocaqları olan Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir”.
Prezident bank sahəsində çox yaxşı əməkdaşlıq və perspektivlərin mövcud olduğunu qeyd edərək deyib ki, Azərbaycanda VTB kimi iri Rusiya bankı fəaliyyət göstərir: “Yeri gəlmişkən, Azərbaycan bu bankın ən iri xarici səhmdarıdır. Həmçinin “Qazprombank” nisbətən bu yaxınlarda Azərbaycanın 400 milyon dollardan artıq dəyəri olan iri sənaye layihəsini maliyyələşdirib. Yəni, bütün bunlar bizim əməkdaşlığımızın mühüm elementləridir”.
Vladimir Putin də iki dövlət arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O, Azərbaycanla Rusiyanın iqtisadi əlaqələrinin genişləndiyini söyləyib: “Regionlararası əlaqələr bizim dövlətlərarası münasibətlərimizin mühüm tərkib hissəsidir. Rusiya Federasiyasının, təxminən, 70 regionu Azərbaycanın regionları ilə sıx işləyir. Burada liderlər, sözsüz ki, Moskva vilayəti, Sankt-Peterburqdur, amma təkcə onlar yox, həm də Stavropol, Krasnodar diyarları, Həştərxan vilayəti, Nijeqorod, Çelyabinsk, Volqoqrad, Saratov, Sverdlovsk vilayətləri.
Bütövlükdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdən danışarkən qeyd etmək istərdim ki, dövlətlərimiz arasında münasibətlər, sözsüz ki, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Biz həmişə maraqlar balansı axtarırıq və onu tapırıq”.
O, Azərbaycan bazarında artıq Rusiyanın iştirakı ilə, təqribən, 700 birgə şirkət fəaliyyət göstərdiyini deyib: “Birbaşa Rusiya sərmayələrinin ümumi həcmi isə bir milyard yarım dollardan çox təşkil edir. Qarşılıqlı, səmərəli biznes əlaqələrinin qurulmasına Rusiya-Azərbaycan İşgüzar Şurası böyük kömək göstərir. Təkcə ötən il bu şura ümumilikdə yarım milyard dollara yaxın məbləğdə dəyəri olan 42 birgə layihəni dəstəkləyib. Azərbaycanda Rusiyanın energetika korporasiyaları uğurla işləyirlər. Bu barədə artıq deyilib, “Rosneft” şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə yaxın vaxtlarda “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq. “LUKoil” Azərbaycanın enerji layihələrinə 4 milyard dollara yaxın sərmayə qoyub. Bu barədə də burada deyildi. Bizim neftin nəqli üzrə gələcək inhisarımız olan “Transneft” Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə ixracının etibarlı tranzitini təmin edir”.
Azərbaycan və Rusiya prezidentlərinin görüşü regional əlaqələrin güclənməsinin üstünlüyünü də təsdqiləyir. Belə münasibətlərin inkişaf etdirilməsi dövlətlərarası təhlükəsizlik, iqtisadi, siyasi, sosial və mədəni sahələrin inkişafına müsbət təsir göstərir. Heç şübhəsiz regional münasibtələrin normal olması bölgəxarici dövlətlərin də marağını özünə cəlb edir.
Bir məsələni də vurğulamaq istərdik: Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə yardım göstərəcəyinə ümid bəslənilir.
Azərbaycanla Rusiya əlaqələrinin inkişafını istəməyən əsas ölkə isə heç şübhəsiz Ermənistandır.
Qeyd edək ki, rəsmi Yerevan, xüsusən də baş naziri Nikol Paşinyan Rusiya Prezidentinin bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana səfər edəcəyini gözləyirdilər. Ancaq bu səfərlə bağlı qeyri-müəyyənlik davam edir və ölkədə narahatlığa səbəb olub. Bu narahatlıq erməni mediasından da görünür. Onlar iddia edirlər ki, N.Paşinyan Ermənistan-Rusiya münasibətlərində yaranacaq böhrandan qorxur və Vladimir Putinə etibar etmir. Fikrimizcə, bu münasibət Ermənistan-Rusiya əlaqələrinin hansı səviyyədə olmasının göstəricisidir.
Vladimir Putinin bu ölkəyə səfər vaxtının müəyyən edilməməsi Moskvanın da Yerevana etibar etmədiyini göstərir. Belə ehtimal etmək olar ki, Ermənistanın dövlət rəsmilərinin Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla görüşünü təşkil etmək üçün az qala Ağ evin qapısı ağzında yatmalarından Kreml narazıdır. Ona görə də V.Putinin Ermənistana səfəri ilə bağlı qeyri-müəyyən vəziyyət yaradaraq rəsmi Yerevana yerini göstərib. Rusiya lideri Bakıya səfəri ilə Ermənistan hökumətinə tərs şapalaq vurub.
N.Paşinyan isə nə D.Trampla görüşə bilib, nə də V.Putini ölkəsində qəbul edib. Bu isə Ermənistanda hakimiyyətə gələnlərə mənəvi-siyasi baxımdan ciddi zərbə sayıla bilər. Çünki Rusiya lideri indiki məqamda Ermənistana səfər etsəydi, o zaman Nikol Paşinyanı dəstəkləmiş sayılacaqdı. Bundan isə paşinyançılar özlərinin təbilğatında istifadə edəcəkdilər. Bu, həm də Rusiyanın Ermənistandakı tərəfdarlarına zərbə olardı. Fikrimizcə, bu kimi amillər həmin səfərin reallaşamsına mane olur. Ehtimal etmək olar ki, belə bir səfər Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra gerçəkləşə bilər.
Hadisələr onu göstərir ki, rəsmi Moskva üçün Azərbaycan daha etibarlı tərəfdaşdır. Azərbaycanla Rusiyanın qarşılıqlı əməkdaşlığı ikitərəfli və bölgə üçün daha faydalı olar. Bu münasibətlərin daha da dərinləşməsi isə heç şübhəsiz, Dağlıq Qarabağın işğaldan azad edilməsindən keçir.